TBMM bu müqaviləni tanımaqdan imtina etdi və sultan hökuməti qanundankənar elan olundu. Bu dövrdə Baş qərargah rəisi İsmət paşanın başçılığı ilə güclü nizami ordu yaradıldı. Bu ordu 1921-ci ilin yanvarında İnönü kəndi yaxınlığında döyüş zamanı yunan ordusunun hücumunun qarşısını aldı. İsmət paşa bu qələbədən sonra İnönü kimi tanınırdı. Bu döyüş milli azadlıq hərəkatında dönüş nöqtəsi oldu.
Nə üçün İnönü kəndi yaxınlığındakı döyüş milli azadlıq hərəkatında dönüş nöqtəsi hesab olunur?
1922-ci ilin oktyabrında Türkiyə “Antanta” üzrə müttəfiqlərlə Mudanya barışığını bağladı. TBMM noyabrın 1-də sultan hakimiyyətini ləğv etdi. 1923-cü ilin iyulunda Lozannada “Antanta” ilə Türkiyə arasında sülh bağlandı, işğal rejimi, Mudros və Sevr müqavilələri ləğv olundu, Türkiyənin müstəqilliyi və yeni sərhədləri tanındı. Boğazlara nəzarət Türkiyə tərəfindən həyata keçiriləcək, ticarət gəmilərinin sərbəst hərəkəti təmin ediləcək, hərbi gəmilərin keçidi isə məhdudlaşdırılacaqdı. Oktyabrın 29-da TBMM Türkiyəni respublika elan etdi. Mustafa Kamal prezident seçildi. 1924-cü ildə Ana Yasa (konstitusiya) qəbul edildi.