1917-ci ilin dekabrında Orenburqda Başqırd milli hökuməti yaradıldı. Lakin Volqaboyu və Sibir ərazisi qırmızılarla ağlar arasında mübarizə meydanına çevrildiyindən bu ərazidə yaranmış milli dövlət qurumları öz varlığını saxlaya bilmədi. Ağqvardiyaçıları darmadağın edən bolşeviklər 1920-ci ildə bu əraziləri işğal etdi.
Bu regionun türk xalqları nə üçün öz milli dövlətlərini qoruyub saxlamaq imkanına malik ola bilmədilər?
Türkiyə. Birinci Dünya müharibəsində məğlub olan Osmanlı imperiyası dağıldı, iqtisadiyyatı ağır vəziyyətə düşdü. Qalib dövlətlər Türkiyəni parçalamağa başladı. Sultan VI Mehmet buna qarşı heç bir tədbir görmədi. Türk ordusunun zabiti Mustafa Kamal paşa belə ağır vəziyyətdə ölkənin müdafiəsini öz üzərinə götürdü, türk xalqının milli azadlıq mübarizəsinə başçılıq etdi. Onun başçılığı ilə 1919-cu ilin sentyabrında Sivasda Böyük Milli Ümumtürk Konqresi toplandı və seçilən Nümayəndələr Komitəsi Məclis çağırılana qədər özünü yeganə qanuni səlahiyyətli orqan elan etdi. Sultan onların tələbi ilə 1919-cu ilin sonunda məclis çağırdı, 1920-ci ilin yanvarında İstanbulda işə başlayan Məclis “Milli and” (“Misaq-i milli”) qəbul etdi. Bu sənəddə Mudros barışığı bağlandığı vaxtda Türkiyənin malik olduğu sərhədlər daxilində ölkənin ərazi bütövlüyü elan edildi. İşğalçılar bundan təşvişə düşüb İstanbulda hökumət binalarını, kazarmaları tutdular, deputatları qovdular. Nümayəndələr Komitəsi Ankarada özünü müvəqqəti hökumət elan etdi və yeni məclis çağırdı.
Birinci Dünya müharibəsində osmanlıların məğlub olmasının səbəbini izah edin. Nə üçün hegemon dövlətlər bu imperiyanın torpaqlarını parçalamaqda maraqlı idi? Bu müharibənin nəticəsi olaraq osmanlılar hansı torpaqları itirdilər?
Məmməd bəy Sulkeviç sonralar Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş qərargah rəisi olmuş və bolşeviklər tərəfindən güllələnmişdir. Güllələnən zaman söyləmişdir: “Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm”.
1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi (TBMM) açıldı, Mustafa Kamal paşa TBMM-in sədri seçildi və hökumət yaratdı. 1920-ci ilin iyununda yunan ordusu Qərbi Anadoluda yeni ərazilər ələ keçirdi. Müttəfiqlər sultan hökumətini Sevr müqaviləsini imzalamağa məcbur etdilər.