Cənubi Qafqazda ikinci müsəlman-türk dövlətinin yaranmasını istəməyən ingilis qoşunları 1919-cu il aprelin 12-də bu dövləti süquta uğratdı.
Bu dövlətin süqutunda ingilislərin marağı nə idi?
1919-cu ilin sonunda Sovet Rusiyasının Qırmızı Ordusu general A.Denikinin ağqvardiyaçı qüvvələrini məğlub edərək Şimali Qafqaza daxil oldu. Sovet Rusiyasının 1920-ci ilin yazında başlayan hərbi müdaxiləsi nəticəsində Cənubi Qafqazda müstəqil dövlətlərin varlığına son qoyuldu. 1922-ci ildə Cənubi Qafqaz sovet respublikalarının federasiyası – ZSFSR yaradıldı və bu qurum həmin ilin sonunda SSRİ-yə qatıldı.
Rusiyanın Qafqazda yaradılmış müstəqil dövlətləri işğal edərək SSRİ adı altında birləşdirməsinin səbəbini izah edin.
Mərkəzi Asiya və Qazaxıstan. Rusiyada Fevral burjua inqilabının qələbəsi Mərkəzi Asiya və Qazaxıstanda milli azadlıq hərəkatının başlanmasına səbəb oldu. 1917-ci ilin dekabrında Qazaxıstanın Milli Partiyası Alaş tərəfindən Alaş-Orda adlandırılan milli qazax dövlətinin yaradıldığı elan edildi. 1920-ci ilin yazında, əsasən, ruslardan ibarət olan bolşevik qüvvələri Alaş-Orda dövlətini devirmək üçün Qazaxıstan ərazisinə silahlı müdaxilə etdi. Dövlət süquta uğradı, milli qüvvələrə qanlı divan tutuldu.
Sovet Rusiyası Mərkəzi Asiya və Qazaxıstanı yenidən təşkil edilən imperiyanın tərkibinə qatmağa nail oldu. 1920-ci illərdə bu regionlarda yaradılan sovet respublikaları “könüllülük prinsipi” ilə SSRİ-nin tərkibinə daxil edildi.
Nəyə görə respublikaların SSRİ-nin tərkibinə qatılması “könüllülük prinsipi” adı altında reallaşdırılırdı?
Krım, Volqaboyu və Ural. 1917–1918-ci illərdə Krım, Volqaboyu və Uralda türk xalqlarının milli azadlıq mübarizəsi genişləndi. Krım türkləri 1918-ci ilin noyabrında Krım Xalq Respublikasını yaratdılar. Lakin general M.A.Sulkeviçin başçılıq etdiyi bu hökumət bir neçə aydan sonra ağqvardiyaçı rus qüvvələri tərəfindən süquta uğradıldı.