Seym Azərbaycan nümayəndələrinin etirazına baxmayaraq, Qars, Ərdəhan və Batum vilayətlərini öz nəzarətində saxlamaq üçün Osmanlı imperiyası ilə müharibəyə başladı.
Cənubi Qafqaz (Zaqafqaziya) Komissarlığının fəaliyyətini dəyərləndirin.
Tezliklə Osmanlı ordusu gürcü və erməni silahlı birliklərini ağır məğlubiyyətə uğradaraq Cənubi Qafqaz Seymini sülh danışıqlarına başlamağa məcbur etdi. Batum sülh konfransı gedişində gürcü nümayəndə heyəti Almaniya ilə gizli anlaşma imzaladı.
1918-ci il mayın 11-də Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası (Dağlı Respublikası) öz müstəqilliyini elan etdi. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin gürcü fraksiyası Seymdən çıxdığını və müstəqil Gürcüstan Demokratik Respublikası yaradıldığını elan etdi. Bundan sonra Cənubi Qafqaz Seymi öz fəaliyyətini dayandırdı, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan Milli Şurası mayın 29-da xarici dövlətlərin təzyiqi altında müəyyən şərtlər müqabilində qədim şəhərimiz olan İrəvanı və ətrafındakı 9 min kv.km ərazini ermənilərə güzəştə getdi. Cənubi Qafqazda – Azərbaycan ərazisində tarixdə ilk erməni dövləti yaradıldı. Yeni yaradılmış Ermənistan (Ararat) Respublikasının rəhbərliyi nəinki həmin şərtləri yerinə yetirmədi, əksinə, yerli Azərbaycan əhalisinə qarşı etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladı.
Qafqazda yaranan müstəqil dövlətləri tanıyan ilk dövlət Osmanlı imperiyası oldu. 1918-ci il iyunun 4-də Cənubi Qafqaz respublikaları ilə sülh və dostluq haqqında müqavilələr imzalandı.
Cənubi Qafqaz Seyminin dağılmasının səbəblərini müəyyənləşdirin.
Ermənistan (Ararat) Respublikası yarandığı gündən qonşularına qarşı ərazi iddiaları irəli sürür, silah gücünə yeni ərazilər ələ keçirmək istəyirdi. 1918-ci il dekabrın 9-da Borçalı qəzasına erməni təcavüzü ilə əlaqədar Ermənistan–Gürcüstan müharibəsi başladı. Həmin müharibə ingilislərin müdaxiləsi ilə dekabrın 31-də dayandırıldı. 1918-ci ilin dekabrında Qars şəhərində keçirilən iclasda Cənub-Qərbi Qafqaz Respublikasının yaradıldığı elan edildi.