1920-ci illərdə əksər Avropa ölkələri, Meksika və Yaponiya SSRİ-ni rəsmən tanıdı. Ölkənin müstəqilliyini ən gec tanıyan ABŞ oldu. 1934-cü ildə SSRİ Millətlər Cəmiyyətinə qəbul olundu. 1930-cu illərdə Almaniya, İtaliya və Yaponiyanın təcavüzkar siyasəti SSRİ-ni Avropada kollektiv təhlükəsizlik sistemi yaradılması təşəbbüsü ilə çıxış etməyə vadar etdi.
1939-cu ilin avqustunda SSRİ ilə Almaniya arasında bir-birinə hücum etməmək haqqında “Molotov–Ribbentrop Paktı” imzalandı. Sazişə əlavə edilən gizli protokollara görə, Şərqi Avropa nüfuz dairələrinə bölündü. Polşanın qərbi və Litva Almaniyanın, Estoniya, Latviya, Finlandiya, Bessarabiya isə SSRİ-nin nüfuz dairəsi hesab edildi.
SSRİ-nin 1930-cu illərin axırlarındakı xarici siyasətinə qiymət verin.
“...Hitler ... 20 avqustda Stalinə SSRİ-nin bütün tələblərini qəbul etdiyini və Ribbentropu tez bir zamanda qəbul etməsini xahiş edən şəxsi mesaj göndərdi. Bu mesaj dünya tarixində dönüş nöqtəsi idi; Sovet Rusiyasının böyük bir dövlət olaraq Avropaya dönüşünə işarə idi. Avropada heç bir dövlət rəhbəri daha öncə Stalinə birbaşa müraciət etməmişdi. Qərb liderləri onunla uzaqda yaşayan, təsir gücünə malik olmayan bir Buxara bəyi kimi davranırdılar. İndi isə Hitler onu böyük bir dövləti idarə edən rəhbər şəxs kimi tanımaqdaydı… SSRİ ilə Almaniya arasında ticarət sazişi 20 avqustda imzalandı; Sovet dövlətinin ilk şərti yerinə yetirildi… 23 avqustda imzalanan və xalqa bəyan edilən pakt qarşılıqlı hücum etməmək qərarını əks etdirirdi. Gizli protokol Almaniyanı Baltik dövlətləri, Polşanın şərq hissəsi, yəni Kerzon xəttinin şərqində qalan, ukraynalıların və belarusların torpaqlarının xaricində saxladı”.
Taylor A.J.P. İkinci Dünya Savaşının Kökenleri. Çeviri: H.Abacı. İstanbul, 2015, s. 329–330.
SSRİ qərb sərhədlərini genişləndirməklə yanaşı, Xalxin Qol yaxınlığında yaponları darmadağın etdi. Beləliklə, o, bir tərəfdən Uzaq Şərqdə müharibə təhlükəsini zəiflətdi, digər tərəfdən isə Polşanın bölüşdürülməsi ilə razılaşaraq İkinci Dünya müharibəsinin başlanmasının əsas səbəbkarlarından biri oldu.