Sovet cəmiyyətinin təşəkkülündə 1920-ci illərin ortalarından başlanan sənayeləşdirmə, ardınca həyata keçirilən kollektivləşdirmə, mədəni və mənəvi həyatı kommunist ideologiyası əsasında formalaşdırmaq kimi tədbirlər mühüm rol oynadı. Keçən əsrin 20-ci illərinin sonundan 30-cu illərin sonunadək həyata keçirilən beşillik planlar nəticəsində SSRİ aqrar ölkədən güclü sənaye ölkəsinə çevrildi.
Beşillik planlaşmaların əhəmiyyətini izah edin.
Sosializm quruculuğunun ən faciəli tədbirlərindən biri fərdi kəndli təsərrüfatlarını kolxoz* və sovxozlarda** birləşdirmək idi. Bu siyasət qolçomaqların məhvinə yönəldilmişdi. Minlərlə insan Urala, Sibirə, Qazaxıstana sürgünə göndərilirdi. Kollektivləşmə nəticəsində kəndlilər cəmiyyətin ən hüquqsuz hissəsinə çevrilirdilər. 1932-ci ilin sonlarında pasportlaşma sisteminə keçilməsi kəndlilərə tətbiq olunmadı. Pasportu olmayan kəndli doğulduğu və yaşadığı yerdən kənara çıxa bilməzdi.
Sosialist yenidənqurma sisteminin tərkib hissələrini göstərin. Onun mahiyyətini açın.
Sosializm quruculuğunun siyasi nəticəsi ölkədə totalitar*** dövlət sisteminin yaranması oldu. Hakimiyyət demokratik azadlıqlara, siyasi müxalifətə imkan verməyən Kommunist Partiyasının əlində cəmləşdi. Bütün bunlar 1936-cı ilin dekabrında qəbul edilmiş “qalib gəlmiş sosializm” konstitusiyasında təsbit olundu.
Təkpartiyalılığın totalitar sistemin mahiyyətindən irəli gəldiyini sübut edin.
Sosializm quruculuğu təqib, terror və kütləvi siyasi repressiyalar şəraitində həyata keçirilirdi. 1930-cu illərdə 20 milyondan çox insan “xalq düşməni” adı ilə repressiyalara məruz qaldı.
Böyük dövlətlərin iqtisadi maraqları onları Sovet Rusiyası ilə əlaqələr qurmağa məcbur etdi. Böyük Britaniya ilə Sovet Rusiyası arasında ticarət müqaviləsi imzalandı. 1921-ci ilin sonlarında Sovet Rusiyası artıq Avropanın bir sıra ölkələri ilə ticarət müqaviləsi bağlamağa nail oldu. Ölkənin beynəlxalq səviyyədə təmsil olunmasında 1922-ci ildə İtaliyanın Genuya şəhərində keçirilən konfrans xüsusilə əhəmiyyətli idi. Genuya şəhəri yaxınlığında Almaniya ilə imzalanan Rapallo sazişi Sovet Rusiyasının iqtisadi blokadadan tamamilə çıxmasına şərait yaratdı.
İqtisadi blokada deyəndə nə başa düşürsünüz? Sovet Rusiyası iqtisadi blokadaya nə zaman və niyə salınmışdı?
* Kolxoz – kollektiv təsərrüfat, XX əsrin 30–80-ci illərində SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd zəhmətkeşlərinin sosialist tipli istehsal birliyi
** Sovxoz – sovet təsərrüfatı, SSRİ-də dövlətə tabe olan kollektiv kənd təsərrüfatı
*** Totalitar rejim – siyasi hakimiyyət forması olub, ictimai həyatın bütün sahələrinin sərt dövlət nəzarətinə tabe edilməsi