1920-ci il prezident seçkilərində respublikaçı U.Hardinq qalib gəldi. Onun hakimiyyəti sabitlik dövrünə təsadüf etdi. Ölkədə səmərəli iş üsulları tətbiq olundu.
Növbəti prezident seçilən K.Kulicin “Amerikanın işi biznesdir” şüarı iqtisadi inkişafa güclü təkan verdi. Prezident Kulicin dövründə görülən ciddi tədbirlərdən biri mühacirət (immiqrasiya) qanunlarında dəyişikliklərin edilməsi oldu. Cənubi və Şərqi Avropadan mühacirət məhdudlaşdırıldı, Yaponiyadan isə qadağan olundu. Bununla da ABŞ-a azad mühacir axınının qarşısı alındı.
Sizcə, bu axının qarşısını almaqla ABŞ nəyə nail oldu?
ABŞ iqtisadi böhran dövrünə (1929–1933) qədəm qoydu. İqtisadi böhran bütün dünyanı əhatə etdiyi üçün “Böyük böhran” adlanırdı. Hökumət böhrandan çıxmağın yolunu axtarırdı. İqtisadçı C.Keyns böhrandan çıxmağın yolunu dövlətin tənzimedici tədbirlər həyata keçirməsində görürdü.
1932-ci il seçkilərində demokrat Franklin Ruzvelt prezident seçildi. O, ölkəni böhrandan çıxarmaq üçün “Yeni xətt” siyasətini irəli sürdü. Konqres “Yeni xətt” siyasətini qəbul etdi. Bu siyasətin əsas xəttini cəmiyyətdə, iqtisadi fəaliyyətin və sosial proseslərin bütün sahələrində dövlətin tənzimedici rolunu artırmaq təşkil edirdi.
Bu sahədə ilk addım bank sistemi üzərində dövlətin nəzarətinin gücləndirilməsi oldu. Sənayeni nizamlamaq üçün Milli Bərpa İdarəsi yaradılması barədə qanun qəbul edildi. Kənd təsərrüfatı sahəsində qəbul edilmiş qanunda isə əkin sahələrinin və mal-qaranın sayını azaltmaq, dövlət tərəfindən məhsulların satın alınması yolu ilə kənd təsərrüfatı məhsulları artıqlığına son qoymaq nəzərdə tutulurdu. Sənayedə əmək münasibətlərini tənzim etmək üçün Vaqner qanunu qəbul edildi. “Sosial təminat haqqında” Qanunla ABŞ tarixində ilk dəfə dövlət pensiya və müavinət sistemi tətbiq olundu.
Vaqner qanununun mahiyyətini izah edin.
Ümumiyyətlə, F.Ruzveltin həyata keçirdiyi “Yeni xətt” siyasətinin əsas mahiyyətini dövlət xətti ilə kapitalizmin əsaslarını möhkəmləndirmək və sosial islahatlar aparmaq təşkil edirdi.