12. Böyük Britaniya, Fransa və Amerika Birləşmiş Ştatları
Böyük Britaniya, Fransa və ABŞ Birinci Dünya müharibəsindən qalib çıxmış ölkələr idi. Müharibənin onların xeyrinə həll olunması bu dövlətlərin maraqlarına uyğun sülh şərtlərinin bağlanması ilə nəticələndi. Buna baxmayaraq, bəzi məsələlərdə bu dövlətlərin maraqları da yarımçıq qaldı.
Böyük Britaniya. Böyük Britaniya müharibə illərində milli sərvətinin üçdəbir hissəsini itirmişdi. 1924-cü ildə Leyborist Partiyasının* rəhbəri Ramsey Makdonald başda olmaqla, birinci Leyborist hökuməti təşkil edildi. Yeni hökumət verdiyi bir çox vədləri yerinə yetirə bilmədi. Bu da fəhlələr arasında narazılıq yaratdı. Buna görə də oktyabr seçkilərində mühafizəkarlar yeni hökumət təşkil etdilər. Sosial-iqtisadi və siyasi sabitlik dövrü olmasına baxmayaraq, Böyük Britaniyanın kömürçıxarma sənayesi dərin böhran keçirirdi. Bu bütün ölkədə şaxtaçıların ümumi tətilinə səbəb oldu. Hökumətin ümumi tətilləri və nümayişləri qadağan etməsi mühafizəkarlar hökumətinin süqutuna gətirib çıxardı.
1929-cu il seçkilərində mühafizəkarlar leyboristlərə məğlub oldular. Onlar dünyanı bürüyən iqtisadi böhranın nəticələrini yumşaltmaq məqsədilə işsizliyə görə sığortanı genişləndirdilər, işçi qüvvəsini sənaye müəssisələrinə yönəltmək üçün tədbirlər gördülər. Lakin buna baxmayaraq, hökumətin fəaliyyətindən narazılığın artması leyboristlərin istefa verməsinə gətirib çıxardı. Milli hökumət quruldu.
Leyboristlərin həyata keçirdiyi tədbirlərə münasibət bildirin. Bu tədbirlərin keçirilməsinin əhəmiyyəti nə idi?
30-cu illərin ikinci yarısında N.Çemberlenin başçılıq etdiyi hökumət Böyük Britaniya tarixində uğursuz hökumət hesab edilir. Onun dövründə Avropada faşizmi “sakitləşdirmək” məqsədilə imzalanan “Münhen sövdələşməsi” (1938-ci ilin sentyabrı) Böyük Britaniya xarici siyasətində ən uğursuz addımlardan biri idi.
* Leyboristlər Partiyası – (Əmək Partiyası) Böyük Britaniyada iki aparıcı siyasi partiyadan biri. Əsası 1906-cı ildə qoyulub. Solmərkəzçi partiyadır, hökumətin iqtisadiyyata müdaxiləsini, sosial ədaləti və işçilərin hüquqlarını gücləndirməyin vacibliyini tələb edir.