Növbəti ilin payızında faşistlərin Neapolda keçirilən toplantısında “Romaya yürüş” elan edildi. Bundan qorxuya düşən kral III Viktor Emmanuel hökumətə başçılıq etmək üçün Mussolinini Romaya dəvət etdi. Beləliklə, dövlət çevrilişi nəticəsində faşistlər hakimiyyətə gəldilər. Ölkədə konstitusiya azadlıqlarının ləğv edilməsinə başlandı. 1922-ci ilin sonlarında Mussolini başda olmaqla, Böyük Faşist Şurası yaradıldı. Qanunverici və icraedici funksiyaları öz üzərinə götürən faşistlər növbəti parlament seçkilərində qalib gəldilər. Qanunla Mussoliniyə diktatorluq səlahiyyətləri verildi. 1929-cu ildə o, Roma papası ilə saziş imzaladı. Mussolini hökuməti korporativ dövlət* yaratmaq ideyasını həyata keçirməyə başladı. İtaliya faşizmi Almaniya nasizmindən fərqli olaraq, monarxiya şəraitində fəaliyyət göstərirdi və geniş qəsbkarlıq iddialarına malik deyildi.
Müttəfiq olan italyan faşizmi və alman nasizminin təməlində eyni məqsədlər dayanırdı. İkisinin də hədəfi, ilk növbədə, Birinci Dünya müharibəsindən sonra yaranmış dünya nizamının dəyişdirilməsi idi. Digər tərəfdən, bu rejimlər ölkə daxilində burjua hakimiyyətinə əsaslanan kapitalist sistemini gücləndirərək dövlət idarəsinə tabe olunmasını təmin etməliydi. Hər iki model totalitar rejimlərin bariz nümunəsi hesab olunurdu. İkisinin də utopik bir gələcək təsəvvürləri vardı. Həmçinin hər iki hərəkatın tərəfdarları siyasətə şübhə ilə yanaşır və özlərini partiyalardan üstün hesab edirdilər.
A.S.Çelikçi ve C.Kakışım. İtalyan faşizmi ve tarihsel gelişimi.
//Anemon MŞÜ Sosyal Bilimler Dergisi, c. 1, sayı 2, 2013, s. 95–96.
* Korporativ dövlət – cəmiyyətin bütün təbəqələrini gizli nəzarətdə saxlamaq üçün totalitar rejimlərin sosial-iqtisadi tədbirlər kompleksi. İlk dəfə İtaliyada, daha sonra Almaniya və İspaniyada tətbiq olunmuşdur