Hitlerin vətəni hesab etdiyi Avstriyanı dinc yolla Almaniyaya birləşdirməsi təcavüzkar siyasətin genişlənməsinə səbəb oldu. İri dövlətlərin bu təcavüzə göz yumaraq 1938-ci ilin payızında Çexoslovakiyanın almanlar yaşayan Sudet vilayətinin Almaniyaya verilməsini nəzərdə tutan “Münhen sövdələşməsi” ni imzalaması Avropada müharibə ocağının alovlanmasına şərait yaratdı. 1940-cı ilin sentyabrında dünyanı bölüşdürmək məqsədi güdən Almaniya–İtaliya–Yaponiya üçlük paktı imzalandı.
İri dövlətlərin faşizmin yayılmasına göz yummasının səbəbini nə ilə izah edərdiniz?
İtaliya. İtaliya Birinci Dünya müharibəsindən qalib dövlətlər sırasında çıxsa da, onun yeni ərazilər əldə etmək, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmək niyyətləri boşa çıxdı. Müharibədən sonra ölkədə sosial ziddiyyətlər daha da kəskinləşdi. Hakim dairələr narazı xalq kütlələrini güc yolu ilə susdurmaq üçün xüsusi dəstələr yaratdılar. Onlardan biri də Benito Mussolininin yaratdığı Faşist* mübarizə dəstələrinin ittifaqı idi.
Faşistlərin antidemokratik, terrorçu hərəkətlərinə qarşı İtaliyanın bir çox yerində “Xalq cəsurları” təşkilatı yaransa da, onlar axıradək mübarizə apara bilmədilər. 1921-ci ilin avqustunda Faşist Partiyası ilə İtaliya Sosialist Partiyası arasında “Sakitləşdirmə paktı” bağlandı. Tərəflər bir-birinə qarşı düşmənçilikdən imtina etmək öhdəliyini götürdülər. Buna görə İtaliyada antifaşist birliyin yaradılması mümkün olmadı.
“Sakitləşdirmə paktı” İtaliyada hansı hadisələrə yol açdı?
* Faşizm (latınca “fascio” dəstə, ittifaq, birlik deməkdir) – sağ radikal siyasi hərəkat