Almaniya Sovet Rusiyası ilə nə üçün müqavilə imzaladı? Fikrinizi əsaslandırın.
1920-ci ildə Nasist Partiyasının* yaranması və sonralar hakimiyyətə gəlməsi Almaniyanın bu dövr tarixinin ən faciəli hadisələrindəndir. Partiyanın lideri Adolf Hitler idi. 1923-cü ildə nasistlərin qiyamı uğursuz oldu. A.Hitler 5 il həbsə məhkum edildi. O, 7 ay həbsdə qaldı. Həbsdə olarkən “Mənim mübarizəm” (“Mayn kampf”) kitabını yazdı.
1932-ci il seçkilərində Almaniyada iqtisadi böhranın yaratdığı çətinliklərdən istifadə edən nasistlər müxtəlif vədlərlə qalib gəldilər. Prezident P.Hindenburq Adolf Hitleri reyxskansler** təyin etdi. Hitler ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı. Veymar konstitusiyasının müəyyənləşdirdiyi demokratik azadlıqlar ləğv edildi. Nasist Partiyası istisna olmaqla, bütün siyasi partiyalar qadağan olundu. Gizli polis (Gestapo) yaradıldı. 1933-cü ilin payızında Almaniya Millətlər Cəmiyyətindən çıxdı. 1934-cü ildə Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. Ölkədə avtoritar*** faşist diktaturası yaradıldı. Hitler Versal müqaviləsinin bütün hərbi maddələrini ləğv etdi, alman ordusunun sayını artırdı və bütün silah növlərinin istehsalını bərpa etdi. Beləliklə, Almaniya Avropada müharibə ocağına çevrildi.
Almaniyanın Paris sülh müqaviləsinin şərtlərini pozaraq yenidən silahlanmasının səbəbini izah edin.
Rəy sorğusu əsasında Saar vilayəti Almaniyaya qaytarıldı. Hərbi mükəlləfiyyət və Baş qərargah bərpa edildi. Hərbi-hava qüvvələrinin və sualtı donanmanın yaradılmasına başlanıldı. Beləliklə, Almaniya Avropada ən güclü hərbi-sənaye kompleksinə və hərbi texnika ilə silahlanmış orduya malik oldu.
Almaniyanın hərbsizləşdirilmiş Reyn zonasına öz ordusunu yeritməsi ilə Versal sistemi iflasa uğradı.
Almaniyanın bu qədər güclənərək silahlanıb Avropada yenidən müharibə ocağına çevrilməsinə səbəb nə idi? Araşdırma aparın.
1936-cı ilin payızında Almaniya–İtaliya ittifaqı yaradıldı. Bu zaman Almaniya və Yaponiya arasında “Antikomintern Paktı”**** imzalandı. Az sonra İtaliya da həmin pakta qoşuldu.
* Nasist Partiyası – Nasional Sosialist Alman Fəhlə Partiyası
**Reyxskansler – Almaniyada 1871–1945-ci illərdə hökumət başçısı
***Avtoritar rejim – siyasi hakimiyyətin bir nəfərin və ya bir qrup şəxsin əlində cəmləşdiyi idarə üsulu
**** “Antikomintern Paktı” – dünyada kommunist ideologiyasının daha da genişlənməsinin qarşısını almaq məqsədilə onlara qarşı Almaniya və Yaponiya arasında yaradılmış ittifaq