Birləşmiş Ştatlar dörd dövlətin – ABŞ, İngiltərə, Fransa və Yaponiyanın Sakit okean mülklərinin birgə qorunması haqqında müqavilə bağlanmasına nail oldu. Çinə ABŞ-ın “açıq qapı” prinsipi tətbiq olundu. Yaponiyanın Şandun yarımadasını Çinə qaytarması məsələsi də konfransda müzakirə olundu.
Sizcə, Vaşinqton konfransında ABŞ-ın fəallıq göstərməsinin səbəbi nə idi?
Paris və Vaşinqton konfranslarının qərarları Versal-Vaşinqton sisteminin əsasını təşkil etdi. Onun yaradılması müharibədən sonrakı gərginliyin azaldılmasına imkan versə də, bütün ziddiyyətləri həll etmədi. Çünki bu sistemin özünün müəyyən çətinlikləri və ziddiyyətləri var idi. Ziddiyyətlər, əsasən, onu yaradanların ədalətli olmamasından irəli gəlirdi.
ABŞ Versal sisteminə bitərəf münasibət göstərərək onun qərarlarını təsdiq etmədi. Onun Millətlər Cəmiyyətində iştirakdan imtina etməsi bu sistemin əsasının zəifləməsinə səbəb oldu. Lakin buna baxmayaraq, Versal-Vaşinqton sistemi dünyanın beynəlxalq hüquq normaları əsasında inkişafı üçün müəyyən zəmin yaratdı.
Birinci Dünya müharibəsindən sonra iqtisadi münasibətləri bərpa etmək üçün ilk cəhd Rusiya və Almaniyanın da iştirak etdiyi Genuya konfransının (1922-ci il) çağırılması oldu. Konfransda Rusiya nümayəndə heyətinin tərkibində N.Nərimanov da iştirak edirdi. Konfransın gedişində Rusiya Almaniya ilə saziş imzaladı. Bu onların iqtisadi blokadadan çıxmaq yolunda atdığı ilk addım oldu. 1925-ci ildə keçirilən Lokarno konfransında Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi imzalandı. Bu sənədə “Reyn Təminat Paktı” da deyilir. Bununla da, Böyük Britaniya və Fransa dolayı yolla Versal sülh müqaviləsinin ədalətsiz olduğunu etiraf etdi.
Böyük Britaniya və Fransanın Versal sülh müqaviləsinin ədalətsizliyini etiraf etməsinin səbəbi nə idi?
Beynəlxalq siyasi şəraitin yumşaldılmasında Fransanın Xarici İşlər naziri A.Brian və ABŞ-ın dövlət katibi F.Kelloq tərəfindən 1928-ci ilin avqustunda irəli sürülmüş, 48 dövlətin qoşulduğu “Brian-Kelloq Paktı” müəyyən rol oynadı. Pakta imza atan tərəflər müharibələrdən imtina etməyi, bütün münaqişələri və mübahisəli məsələləri dinc yolla həll etməyi öhdələrinə götürdülər. Bir il sonra SSRİ də bu pakta qoşuldu.