Paris konfransının ən mühüm nəticələrindən biri də Millətlər Cəmiyyəti təşkilatının yaradılması oldu. Təşkilatın başlıca vəzifəsi xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək, sülh və təhlükəsizliyi qorumaq idi. Məğlub dövlətlərin əlindən alınmış müstəmləkə torpaqları Millətlər Cəmiyyətinin tətbiq etdiyi mandat sistemi* əsasında qaliblər tərəfindən yenidən bölüşdürüldü. Mandatlar İngiltərə, Fransa, Yaponiya və Belçikaya verildi.
Qalib ölkələr Millətlər Cəmiyyətini yaratmaqla daha çox kimin mənafeyini düşünürdülər? Fikirlərinizi əsaslandırın.
Paris konfransında ən mübahisəli məsələlərdən biri Almaniyadan təzminat alınması idi. Qalib dövlətlər arasında ciddi fikir ayrılığı hökm sürdüyü üçün onlar bu məsələ barədə razılığa gələ bilmədilər. Almaniyadan təzminat alınması bir qədər sonra xüsusi çağırılmış konfransda öz həllini tapdı.
Versal sistemini “tamamlamaq” məqsədilə 1921-ci ilin sonu – 1922-ci ilin əvvəllərində Vaşinqton konfransı çağırıldı. Konfransda əvvəlki müqavilələrə yenidən baxıldı və bir sıra qərarlar qəbul olundu.
* Mandat sistemi – keçmiş alman müstəmləkələrinin və Osmanlı mülklərinin qəyyumluğa götürülmüş formada bölüşdürülməsi