Ölkənin bir sıra şəhərlərində Avropa tipli məktəblər açıldı, inqilabi-demokratik ruhlu ideyalar formalaşdı. Bu ideyaların məqsədi Mancur sülaləsinin hakimiyyətini ləğv etməkdən, ölkəni xarici müdaxilədən qorumaqdan və demokratik respublika qurmaqdan ibarət idi.
Çinin mədəni geriliyinin səbəbini müəyyənləşdirin.
Yaponiyanın XIX əsr mədəniyyətinin mühüm sahələri bədii ədəbiyyatdan və rəngli qravürlərdən ibarət idi. Bədii ədəbiyyat, əsasən, samurayların həyatını, ağac qravürlər isə ölkənin təbiətini, xalqın məişətini əks etdirirdi. XX əsrin əvvəllərində isə Yaponiya mədəniyyətinə Avropa mədəniyyətinin təsiri güclənirdi. Ölkədə teatrlar yaranır, bir sıra əsərlər tamaşaya qoyulurdu.
Avropa mədəniyyətinin Yaponiyaya təsirinə əsaslandırılmış münasibət bildirin.
Rusiyada isə XIX əsrin birinci yarısında mədəniyyətin inkişafına təhkimçilik quruluşu mane olurdu. Amma elmin, mədəniyyətin inkişafı, çətinliklə də olsa, bu maneəni aşa bilirdi. Həmin əsrin sonlarında Rusiyanın dünya elminə böyük töhfəsi A.S.Popov tərəfindən yaradılmış müxtəlif qurğular oldu.
A.S.Puşkin yeni rus ədəbiyyatının və dilinin yaradıcısı kimi tanındı. Dünya ədəbiyyatının nəhənglərindən olan L.N.Tolstoyun 1812-ci il müharibəsinin tarixini əks etdirən “Hərb və sülh” roman-epopeyası rus ədəbiyyatının ən böyük əsəri kimi sevildi.