Şimali Qafqaz dağlıları arasında isə qəhrəmanlıq mahnıları geniş yayılmışdı. Demək olar ki, bu mahnıların hamısında Şeyx Şamil tərənnüm edilirdi.
XIX əsrin əvvəllərində Qafqaz xalqlarının elm və mədəniyyətində də müəyyən qədər inkişaf olmuşdur. Yeni məktəblər açılmış, regionun təbii sərvətlərinin öyrənilməsinə başlanılmış, mətbuat sahəsi genişlənmişdir.
Türk və Qafqaz xalqlarının maarif və mədəniyyətə münasibətdə oxşar cəhətləri müəyyənləşdirin.
Feodal qaydaları Qacarlar İranında mədəniyyətin inkişafını buxovlamışdı. Bu səbəbdən də ölkədə, demək olar ki, mədəniyyətin heç bir sahəsində, irəliləyiş yox idi. İran xalqlarının mədəniyyətində yenilik Avropa nümunəsində çəkilən çox az rəsm əsərindən və əsrin ortalarında açılan darülfünundan* ibarət idi. Qacarlar İranının digər Şərq ölkələrindən geridə olması XX əsrin əvvəllərində də davam edirdi. Əsrin əvvəlindəki inqilabın təsiri ilə ədəbiyyatda yeni meyillər yaranmışdı. Belə ədəbi əsərlərdə ölkədə hökm sürən rejim, Rusiya və İngiltərənin istilaçı siyasəti tənqid olunurdu. Həmin dövrdə Hindistanda maarifin, mədəniyyətin inkişafına İngiltərənin müstəmləkəçilik siyasəti mane olurdu. İngilislər xalqı cəhalətdə saxlamağa, onu milli mədəni irsdən məhrum etməyə çalışırdılar.
Müstəmləkələrin maarif və mədəniyyətinə metropoliyaların münasibətindəki oxşarlığın səbəblərini şərh edin.
XIX əsrdə hind maarifçilərinin fəaliyyəti genişləndi. Əsrin ikinci yarısında ölkədə humanitar elmlər sürətlə inkişaf etməyə başladı. Hind ədəbiyyatında yeni bir mərhələ meydana gəldi. Bu mərhələ humanizm, vətənpərvərlik ideyalarının güclənməsi və inkişafı mərhələsi idi.
Əsrlər boyu islam dini Hindistana yeni bir ədəbiyyat qazandırmışdı. Bu ədəbiyyatın görkəmli nümayəndələrindən biri fars və urdu dillərində şeirlər yazan müsəlman şair Mirzə Əsədulla xan Qalib idi. Hind ədəbiyyatı və incəsənətinin ən böyük nümayəndəsi – məşhur yazıçı, şair, rəssam və bəstəkar Rabindranat Taqor yaradıcılığına görə ölməzlik qazanmış, Nobel mükafatına layiq görülmüşdü.
Feodal idarə üsulu, hökumətin özünütəcrid siyasəti və Qərb dövlətlərinin hərbi müdaxiləsi Çində mədəniyyətin inkişafına mane olan başlıca amillər idi. Əgər XIX əsrdə Çində elmi biliklərin inkişafı tarix və coğrafiya ilə bağlı idisə, XX əsrin əvvəllərində burada maarif sahəsində xeyli irəliləyiş oldu.
* Darülfünun – bilik evi