“Xalq təhsili haqqında” Qanunun qəbul edilməsi məktəbyaşlı bütün oğlan və qızların pulsuz ibtidai təhsil almasını, dövlət hesabına orta məktəblərin və İstanbul Universitetinin açılmasını nəzərdə tuturdu.
XIX əsrdə Osmanlı dövlətində yeni ədəbiyyat yaranırdı. Bu ədəbiyyatın ən görkəmli nümayəndələri Namiq Kamal və Tofiq Fikrət idi.
Rusiya imperiyasının müstəmləkəçilik və ruslaşdırma siyasəti Mərkəzi Asiyada maarifin və mədəniyyətin inkişafı yolunda başlıca maneə, bu xalqların milli mədəniyyətinə edilən qəsd idi. Buna baxmayaraq, türk xalqlarının mədəniyyəti, ləng də olsa, inkişaf edirdi. Maarifin inkişafı isə uzun zaman islam dini ilə bağlı olmuşdur.
Mərkəzi Asiya və Qazaxıstan ədəbiyyatındakı irəliləyiş türkmən şairi Məmmədvəli Kəminənin və qazax şairi Abay Kunanbayevin adı ilə bağlıdır.
Mərkəzi Asiyada maarifin inkişafına mane olan başlıca amilləri izah edin.
Volqaboyunda yeni tipli məktəblərin açılması təhsilin inkişafına kömək etdi. 1804-cü ildə Kazan Universitetinin açılması Tatarıstanda maarifin və elmin inkişafına böyük təkan verdi.
Ruslaşdırma siyasəti Qafqaz xalqlarının da maarifində özünü qabarıq şəkildə göstərirdi. XIX əsrin əvvəlində Tiflisdəki gürcü məktəbləri bağlandı. Yerində imperiya üçün sədaqətli kadrlar hazırlayan rus məktəbləri açıldı.
Qafqaz xalqlarının ədəbiyyatında daha çox müstəmləkə zülmünə qarşı mübarizə öz əksini tapmışdı. Gürcü şairlərinin şeirlərində milli müstəmləkə zülmü tənqid edilirdi.