Elə həmin gün Almaniyada inqilab başlandı. Noyabrın 9-da xalq monarxiyanı devirdi və ölkədə respublika quruldu. 1918-ci il noyabrın 11-də sübh çağı Kompyen meşəsində, marşal Foşun mənzil-qərargahında Almaniya ilə onun rəqibləri arasında sülh barışığı imzalandı. Nəhayət, Birinci Dünya müharibəsi başa çatdı.
Beləliklə, müharibə Dördlər İttifaqının məğlubiyyəti ilə qurtardı. “Antanta” nın həm canlı qüvvə, həm də maddi cəhətdən üstün olması müharibənin taleyini həll etdi. Müharibənin gedişində Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyaları dağıldı və yeni müstəqil dövlətlər yarandı.
Yeni müstəqil dövlətlərin yaranma səbəbini izah edin.
Bu müharibədə ən çox qazanan ABŞ oldu. O, İngiltərə, Fransa, Rusiya və İtaliyaya borc verən dünya xəzinədarına çevrildi. Yaponiya da müharibədən uğurla çıxdı. O, Sakit okeandakı alman müstəmləkələrini ələ keçirdi, Çində nüfuzunu xeyli möhkəmləndirdi. Birinci Dünya müharibəsi dünya müstəmləkə sistemində böhranın başlanğıcını qoydu.
Bu nəticəyə daha nəyi əlavə edərdiniz?