1918-ci il martın 3-də bolşevik hökuməti Almaniya və onun müttəfiqləri ilə Brest-Litovskda separat sülh* bağlayaraq Rusiyanı müharibədən çıxardılar. Bu, Almaniyanın vəziyyətini xeyli yüngülləşdirdi. Rumıniya da Dördlər İttifaqı ilə sülh bağlayıb müharibədən çıxdı.
“Antanta” dövlətlərinə çoxlu borc verdiyi üçün onların qələbəsini istəyən ABŞ 1917-ci ilin aprelində Almaniyaya müharibə elan etdi. Fransa və İngiltərə isə qələbənin bəhrələrini ABŞ-la bölüşmək istəmirdi. Odur ki onlar ABŞ qoşunları gələnə qədər müharibəni başa çatdırmaq istəyirdilər. Almaniya da, öz növbəsində, ABŞ qoşunları gələnə qədər “Antanta” qüvvələrini məğlubiyyətə uğratmaq istəyirdi.
ABŞ-ın müharibəyə qoşulmasının səbəbi nə idi?
1917-ci ilin oktyabrında Kaporetta döyüşündə Almaniya və Avstriya-Macarıstan qoşunları İtaliyanı məğlubiyyətə uğratdılar.
ABŞ qüvvələrinin köməyi ilə 1918-ci ilin yayında Almaniya ordusunun Paris istiqamətində hücumunun qarşısı alındı. Marşal Foşun** ümumi komandanlığı altında müttəfiq ordusu hücuma keçdi və almanların cəbhə xəttini yararaq onları darmadağın etdi.
Müttəfiq qoşunları Balkan cəbhəsində hücuma keçərək Bolqarıstan ordusunu təslim olmağa vadar etdi. Fələstində və Suriyada türk ordusunun məğlubiyyəti nəticəsində Osmanlı imperiyası da təslim oldu. 1918-ci il noyabrın 3-də Avstriya-Macarıstan komandanlığı “Antanta” nın diktə etdiyi barışığı imzaladı.
* Separat sülh – müharibə aparan ölkələr koalisiyasında üzv dövlətlərdən birinin müttəfiqlərin xəbəri və razılığı olmadan düşmənlə bağladığı sülh
** Marşal Foş – Birinci Dünya müharibəsi dövründə Fransanın Baş qərargah rəisi, 1918-ci ildə müttəfiq ordusunun baş komandanı