Bu zaman ingilislərin İraqı tutmaq təşəbbüsü də iflasa uğradı. Onlar Bağdad yaxınlığında Osmanlı ordusu tərəfindən məğlub edildilər.
Rusiyanı zəiflədən Almaniya bütün diqqətini Fransaya qarşı yönəltdi. 1916-cı ilin fevralında alman qoşunları Verden yaxınlığında hücuma keçdi. Bu vuruşma tarixə “Verden qəssabxanası” adı ilə daxil oldu.
“Britaniyanın Hərbi Dəniz naziri Çörçillin sözlərinə görə, dəniz qüvvələri ilə möhkəmləndirilmiş yunan ordusu dərhal Türkiyəni ürəyindən vurmaq üçün Gelibolunu tutacaq. Bu, Çanaqqala boğazını müttəfiqlərin üzünə açacaq və Mərmərəyə daxil olmağa imkan verəcəkdir. Türk və alman gəmiləri batırılacaq, oradan Qara dənizdəki Rusiya donanması ilə əlaqə qurulacaq və vəziyyətə tamamilə nəzarət ediləcəkdi”... U.Çörçillin fikrincə, “Çanaqqala əməliyyatı ilə dünya tarixi dəyişdiriləcək, Osmanlı imperiyası iki yerə bölünəcək, paytaxt iflic olacaqdı. Balkan dövlətləri düşmənlərinə qarşı birləşəcək, Serbiya xilas olacaq, ruslara müharibədə kömək ediləcək, müharibə müddəti çoxsaylı insan həyatını xilas etmək üçün qısaldılacaqdır”.
Y.Hikmet Bayur. Türk İnkılabı Tarihi, c. III, Kısım 2, Ankara, 1991, s. 55.
Altı ay davam edən döyüşdə almanlar çox da böyük əraziyə sahib ola bilmədilər. Həmin ilin yayında Almaniyanın zəifləməsindən istifadə edən ingilis və fransız qoşunları Somma çayı sahilində hücuma keçdilər. Payızın axırına kimi davam edən bu döyüşlərdə ingilislər və fransızlar tarixdə ilk dəfə olaraq tanklardan istifadə etdilər. İngiltərə və Fransa ordusunun hücumu ciddi müvəffəqiyyət qazanmağa imkan verməsə də, alman ordusunun Verden üzərinə hücumunu zəiflətdi və müdafiəyə keçməyə vadar etdi. İngilis və alman hərbi donanması arasında baş verən Yutlandiya dəniz döyüşündə tərəflərin heç biri qələbə qazanmadı.
Verdendə baş verən vuruşmanın “Verden qəssabxanası” adını almasının səbəbini izah edin.
Qafqaz cəbhəsində isə ruslar Ərzurumu və Trabzonu işğal etdilər. Bu zaman “Antanta” tərəfindən müharibəyə qoşulan rumın ordusu Avstriya-alman-bolqar qoşunları tərəfindən məğlubiyyətə uğradıldı.
1917-ci ildə müharibəyə cəlb olunan ölkələrdə müharibə əleyhinə etiraz dalğası başlandı. Bu özünü Rusiyada daha qabarıq şəkildə büruzə verdi. Rusiyada burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Ölkədə müvəqqəti hökumət yaradıldı. Lakin payızda bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar.