1914-cü ilin payızında Osmanlı dövləti Üçlər İttifaqı tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq Rusiya, İngiltərə və Fransa Osmanlı dövlətinə qarşı müharibəyə başladı. Müharibəyə qoşulan dövlətlərin hər birinin qabaqcadan hazırlanmış hərbi planları var idi. Müharibənin əvvəllərində Avropada üç cəbhə yaranmışdı: Qərb, Şərq (Rusiya) və Balkan. Bir qədər sonra yaranmış dördüncü Qafqaz cəbhəsində Rusiya və Osmanlı ordusu vuruşurdu. Şliffen tərəfindən hazırlanmış “İldırımsürətli müharibə” planına əsasən, alman ordusu zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransaya keçərək fransız qoşunlarını əzməli və təslim olmağa məcbur etməli idi. Bundan sonra qısa müddətdə Rusiyanı da darmadağın etmək nəzərdə tutulurdu. Alman ordusu avqustun əvvəllərində Lüksemburq və Belçikadan keçərək Şimali Fransaya daxil oldu. Fransa hökuməti paytaxt Parisi tərk etməyə məcbur qaldı.
Şliffen planını xəritə üzərində əks etdirin.
1914-cü ilin sentyabrında Marna çayı sahilində ingilis-fransız qoşunları almanların hücumunun qarşısını alıb onları geri oturtdu. Beləliklə, Marna döyüşü “İldırımsürətli müharibə” planını boşa çıxardı. Almaniya Qərb və Şərq cəbhəsində mövqe müharibəsi aparmaq məcburiyyətində qaldı.
1915-ci ildə Almaniya və müttəfiqləri əsas zərbəni Rusiyaya qarşı yönəldərək onu məğlub edib müharibədən çıxarmaq planı hazırladılar. Buna görə də əsas diqqət Şərq cəbhəsinə yönəldi. Almaniya və Avstriya-Macarıstan qoşunları Qorlitsa ərazisində cəbhəni yardılar. Almanların bu hücumu ruslar üçün fəlakətlə nəticələndi. Rus ordusu məğlub olub geri çəkildi.
Sizcə, Rusiyanı bu müharibədən niyə çıxarmaq istəyirdilər?
Almaniya tarixdə ilk dəfə Qərb cəbhəsində İngiltərəyə qarşı sualtı qayıqlardan istifadə edərək sərnişin və yük gəmilərini batırdı. Həmçinin ilk dəfə olaraq Almaniya Belçika ərazisində zəhərli xlor qazından istifadə etdi. Bu zaman “Antanta” dövlətləri bir sıra ərazilər vəd edərək İtaliyanı öz tərəflərinə çəkə bildilər. 1915-ci ilin yazında Londonda İngiltərə, Fransa, Rusiya və İtaliya arasında gizli razılaşma əldə edildi. İtaliya “Antanta”ya qoşuldu. Həmin ilin payızında digər tərəf Bolqarıstanı öz tərəfinə çəkdi və Dördlər İttifaqı meydana gəldi.
“Antanta” dövlətləri Çanaqqala boğazını, sonra isə İstanbulu ələ keçirərək Osmanlı dövlətini məhv etmək niyyətində idi. Lakin hərbi-texniki üstünlüklərinə baxmayaraq, 1915–1916-cı illərdə baş verən Çanaqqala döyüşündə “Antanta” qoşunları türk ordusuna məğlub oldu. Çanaqqalada vətəni uğrunda canından keçən hər bir türk əsgəri tarixdə görünməmiş qəhrəmanlıq salnaməsi yazdı. Qələbənin qazanılmasında azərbaycanlı könüllülərin böyük payı vardı.
Osmanlı dövlətini müharibəyə qoşulmağa vadar edən amilləri qiymətləndirməyə çalışın.