T.Ruzveltin təşəbbüsü ilə konqres “Trestlər əleyhinə” qanun qəbul etdi. İri trestlərin fəaliyyətinə dövlət nəzarəti qoyuldu. Növbəti prezident seçkilərində də qələbə qazanan T.Ruzvelt bu nəzarəti daha da gücləndirdi.
“Trestlər əleyhinə” qanunun qəbul edilməsinin əhəmiyyəti nə idi? Bu qanunun verilməsinin müsbət və mənfi tərəflərini müəyyən edin.
ABŞ Cənubi Amerika ölkələrinə münasibətdə “Böyük dəyənək”* siyasəti yeridirdi. T.Ruzveltə görə, ABŞ-ın borcu “Beynəlxalq polis rolunu” öz üzərinə götürmək idi. Bu siyasət prezident U.Taftın dövründə də davam etdirildi. O, borclar verməklə Latın Amerikası ölkələrini asılı vəziyyətə saldı. Bu siyasət “Dollar diplomatiyası” adlanırdı.
1912-ci ildə prezident seçilən V.Vilson vergilərin azaldılması, trestlər əleyhinə qanunlar qəbul edilməsi, 8 saatlıq iş günü təyin edilməsi və s. kimi təkliflər irəli sürdü. Onun hakimiyyət illəri “Yeni demokratiya dövrü” adlanır. V.Vilson bank sistemi üzərində dövlət nəzarəti qoya bildi. 1913-cü ildə senatorların bilavasitə xalq tərəfindən seçilməsi haqqında konstitusiyaya düzəliş əlavə edildi. Bu dəyişikliklər Birinci Dünya müharibəsi ərəfəsində ABŞ-ın mövqeyini xeyli möhkəmləndirdi.
* “Böyük dəyənək” – T.Ruzveltin Latın Amerikası ölkələrinə qarşı zorakı vasitələrlə həyata keçirdiyi siyasət