Müharibənin birinci mərhələsində (1861–1862) Cənub ştatları daha çox uğur qazandı. Onlar İngiltərə və Fransadan kömək alaraq Vaşinqtonu ələ keçirmək istəyirdilər. 1862-ci ildə qəbul edilmiş “Homstedlər haqqında” Qanuna görə, torpaq becərmək istəyən hər bir amerikalı cüzi rüsum ödəməklə qərb tərəfdən 160 akr* torpaq sahəsi ala bilərdi. Həmin ildə “Azadolunma haqqında Bəyannamə” imzalandı. Bəyannamədə quldarlığın ləğvi nəzərdə tutulurdu. Bütün bunlar müharibədə Şimalın üstünlüyünü təmin etdi. 1865-ci ildə Şimal ordusu Konfederasiyanın paytaxtını tutdu. ABŞ-dakı vətəndaş müharibəsi Şimal ştatlarının qələbəsi ilə başa çatdı.
Beləliklə, vətəndaş müharibəsinin gedişində quldarlıq ləğv edildi. Quldarların siyasi ağalığına son qoyuldu, hakimiyyət burjuaziyanın əlinə keçdi. Ölkədə aqrar məsələlərin həll olunması iqtisadi inkişafa təkan verdi.
ABŞ-da quldarlığın ləğv edilməsinin əhəmiyyəti nə idi?
Avraam Linkoln sui-qəsd nəticəsində öldürülsə də, mübarizə davam edirdi. 1866-cı ildə Konqresdə konstitusiyaya edilən düzəlişə görə, qaradərililər ağlarla bərabər mülki və siyasi hüquqlar aldılar.
ABŞ-da quldarlığın ləğvi və kənd təsərrüfatında kapitalizmin “fermer yolunun” inkişafı, dəmir yollarının çəkilməsinin geniş miqyas alması, istehsalda ən yeni elmi kəşf və ixtiralardan istifadə olunması sürətli iqtisadi inkişafı təmin etdi. ABŞ sənaye istehsalının həcminə görə dünyada birinci yerə çıxdı.
Ölkədə sənayenin yeni sahələri inkişaf edirdi. İnhisar** birliyi olan trestlər*** yaranırdı. İlk tresti Con Rokfeller yaratmışdı.
Birinci Dünya müharibəsi ərəfəsində “Standart oyl” tresti ən böyük neft inhisarlarından birinə çevrildi.
Dünya iqtisadi böhranından (1900–1903) sonra ABŞ-da islahatlar keçirildi. İslahatları həyata keçirən ən görkəmli nümayəndələr Teodor Ruzvelt və Vudro Vilson idilər. 1900-cü ildə prezident seçilən Respublikaçılar Partiyasının nümayəndəsi U.Makkinli öldürüldü və onu vitse-prezident T.Ruzvelt əvəz etdi.
* Akr (ingilis dilində sahə mənasını verir) – öküzdən istifadə etməklə gün ərzində şumlanan sahə. Bir hektar 2,47 akr-a bərabərdir
** İnhisar – istehsal, satış və xarici ticarətdə müstəsna hüquqa malik olmaq
*** Trest – tərkibinə daxil olan müəssisələrin istehsal, satış, bəzən isə hüquqi müstəqilliklərini itirdikləri inhisar forması