İngiltərə, Fransa və Sardiniya Krım müharibəsində Osmanlı dövlətinin müttəfiqləri oldu. Onlar öz donanmalarını Qara dənizə yeritdilər. Prussiya və Avstriya Rusiyadan öz qoşunlarını Dunay knyazlıqlarından çıxarmağı tələb etdi. Bu hadisələrdən sonra Osmanlı dövləti hərbi əməliyyatları xeyli genişləndirdi. Rusiya ordusu Dunaydan çəkildi. 1854-cü ilin sentyabrında ingilis, fransız və Osmanlı qoşunları Krımdakı Alma çayı yaxınlığında rus qoşunlarını məğlub etdilər. Rusiya Krım müharibəsində məğlub oldu. Məğlubiyyətin əsas səbəbi Rusiyanın iqtisadi, hərbi-texniki geriliyi idi. 1855-ci ildə I Nikolayın ölümündən sonra taxta çıxan II Aleksandr (1855–1881) müttəfiqlərlə sülh müqaviləsi imzalamağa məcbur oldu. Lakin 1871-ci ildə Londonda keçirilən beynəlxalq konfransda Rusiyanın Qara dənizdə hərbi donanma saxlamaq hüququ bərpa olundu.
1856-cı il martın 30-da Parisdə müttəfiqlərlə Rusiya arasında bağlanan sülh müqaviləsinə görə:
Rusiyanın işğalçılıq planlarının güclənməsi 1877–1878-ci illərdə yeni Rusiya–Osmanlı müharibəsinin başlanmasına gətirib çıxardı. Qalib gələn Rusiya 1878-ci ilin martında Osmanlı dövləti ilə San-Stefano (Yaşılköy) sülhünü imzaladı.
XX əsrin başlanğıcında Uzaq Şərqdə Rusiya ilə Yaponiya arasında rəqabət kəskin hal aldı. 1904-cü ilin əvvəlində başlanan Rusiya–Yaponiya müharibəsindəki uğursuzluqlar Rusiyada sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırdı və bu, inqilaba gətirib çıxardı. İnqilab 1905-ci ilin yanvarında başladı və bütün Rusiya ərazisinə yayıldı.
1905–1907-ci illər inqilabının başlanmasını Rusiya–Yaponiya müharibəsindəki uğursuzluğun nəticəsi hesab etmək olarmı? Fikrinizi əsaslandırın.
Həmin ilin dekabrında Moskvada baş verən silahlı üsyan inqilabın ən yüksək zirvəsi idi. Lakin silahlı üsyan yatırıldıqdan sonra inqilab zəifləməyə başladı. Bu dövrdə Dövlət Dumasına seçkilər keçirilsə də, 1907-ci il iyunun 3-də imperator tərəfindən II Dumanın qovulması inqilabın sonu demək oldu. İnqilab qarşısına qoyduğu əsas vəzifələri, o cümlədən aqrar məsələni yerinə yetirə bilmədi.
Sizcə, dumaların hansı əhəmiyyəti var idi?
İnqilab kəndlərdə hökumətin sosial dayağının zəif olduğunu təsdiq etdi. Bunu nəzərə alan hökumət 1910-cu ildə kənd icmalarının dağıdılmasını nəzərdə tutan aqrar qanun qəbul etdi.