1874-cü ildə həyata keçirilən hərbi islahat nəticəsində orduya rekrut* toplanışı ümumi hərbi mükəlləfiyyətlə əvəz olundu. Bu islahatlar nəticəsində Rusiya feodal monarxiyasından burjua monarxiyasına çevrildi.
Xarici siyasət. XIX əsrin ortalarında Rusiyanın xarici siyasətində “Şərq məsələsi” mühüm yer tuturdu. Şərq məsələsinin mahiyyətini Osmanlı sultanının hakimiyyəti altında olan torpaqların bölüşdürülməsi və Yaxın Şərqdə nüfuz qazanmaq uğrunda Avropanın iri dövlətləri arasında gedən mübarizə təşkil edirdi. Lakin Yaxın Şərq məsələsində Rusiyanın İngiltərə və Fransa kimi qüdrətli rəqibləri var idi. Onlar Yaxın Şərqdə Rusiyanın güclənməsini istəmirdilər.
“Şərq məsələsi”ndə Rusiyanın mövqeyini izah edin.
Fələstində xristianlar üçün müqəddəs sayılan yerlər Osmanlı imperiyasına məxsus idi. Fələstin üstündə mübahisə Rusiyanın Krım müharibəsinə (1853–1856) başlaması üçün bəhanə oldu. 1853-cü ilin iyununda Osmanlı dövləti ilə Rusiya arasında müharibə başladı. Həmin ilin oktyabrında Balkanlarda və Qafqaz cəbhəsində hərbi əməliyyatlar Rusiya üçün uğurla nəticələndi. 1853-cü il noyabrın 18-də Sinop buxtasındakı döyüşdə Osmanlı donanması məğlub edildi. Bu hadisə İngiltərə və Fransanın müharibəyə qoşulmasını sürətləndirdi.
Müharibənin birinci dövrünün ən mühüm hadisəsi hansıdır?
“Yerusəlimdəki kilsə və məzar yerləri xristianlar tərəfindən müqəddəs sayılırdı. Osmanlı imperiyasındakı xristian təriqətlər arasında bu yerlər böyük rəqabət mövzusu idi. Osmanlı imperiyası bu bölgəni öz ərazisinə əlavə etdikdən sonra müqəddəs yerlərdə təriqətlər arasında qurulan nizamı saxlamağa çalışdı. Lakin sonrakı illərdə iri dövlətlərin təzyiqi altında katoliklərə və pravoslavlara müəyyən imtiyazlar verildi. 1740-cı il kapitulyasiyası ilə fransız katolikləri yeni imtiyazlar aldılar. Fransa inqilabı dövründə baş verən hadisələr nəticəsində pravoslavlar müqəddəs yerlərdə üstünlük qazandılar. Katoliklərin köhnə vəziyyətin bərpasını tələb etməsi müqəddəs yerlər uğrunda problemin yaranmasına səbəb oldu”.
Rifat Uçarol. Siyasi Tarih (1789–1994). İstanbul, 1995, s. 196.
* Rekrut – fransız dilində əsgər toplanması deməkdir.