Dekabristlər üsyanının əhəmiyyəti nə oldu?
Rusiyada təhkimçilik hüququnun ləğv edilməməsi ölkənin geriliyinin əsas səbəbi idi. 1861-ci il fevralın 19-da II Aleksandr təhkimçilik hüququnun ləğv edilməsi haqqında “Əsasnamə” imzaladı. İslahat mülkədar kəndlilərinə aid idi. “Əsasnamə” elan edilən gündən təhkimli kəndlilərə şəxsi azadlıq, yəni vətəndaşlıq hüququ verildi. İndi onlar daşınan və daşınmaz əmlak ala bilərdilər. İslahata görə, şəxsən azad olan kəndlilərə mülkədarlar pay torpağı verməli, kəndlilər isə pay torpağı üçün mülkədarlara pul ödəməli idilər. Dövlət kəndlilərə borc verərək onların torpaq paylarını satın almalarına yardım edirdi. Onlar dövlətə olan borclarını 49 ilə qaytarmalı idilər. Pulu ödəyə bilməyənlər islahata qədərki mükəlləfiyyətləri yerinə yetirməli idilər və müvəqqəti mükəlləfiyyətli* adlanırdılar. Kəndlilərin müvəqqəti mükəlləfiyyətləri yalnız 1881-ci ildə ləğv edildi. Onlar öz pay torpaqlarını satın almağa məcbur oldular. Təhkimçilik hüququnun ləğvi Rusiyada kapitalist münasibətlərinin inkişafına imkan yaratdı.
1861-ci il islahatının Rusiya tarixindəki nəticələrini izah edin.
Təhkimçilik hüququnun ləğvi ilə yanaşı, bir sıra burjua islahatları da həyata keçirildi. 1864-cü ildə seçkili hakimiyyət orqanı – Zemstvo idarələri yaradıldı. Bura əhalinin bütün təbəqələrinin nümayəndələri daxil idi. Zemstvolar yerli idarəetmə orqanı kimi quberniya və qəza ərazisində ancaq təsərrüfat və mədəniyyət məsələləri ilə məşğul olurdu.
Həmin ildə məhkəmə islahatı da həyata keçirildi və hökumətdən asılı olmayan məhkəmə yaradıldı. Hakimlər seçildiklərinə görə öz vəzifələrindən yalnız məhkəmənin qərarı ilə kənar edilə bilərdilər. Məhkəmə bütün təbəqələrdən (silklərdən) olan andlı iclasçıların iştirakı ilə baş tuturdu. İclaslar açıq keçirilirdi. Bu islahat XIX əsrin 60–70-ci illərindəki islahatlar içərisində daha ardıcıl xarakter daşıyan burjua islahatı idi.
İslahatın ardıcıl olduğunu nə ilə əsaslandırarsınız?
* Mükəlləfiyyət – hər hansı bir işi məcburi yerinə yetirmək öhdəliyi