“Şərqə hücum” şüarını irəli sürən Almaniya 1905-ci ildə Baş qərargah rəisi Alfred fon Şliffenin rəhbərliyi ilə həm Fransaya, həm də Rusiyaya qarşı “ildırımsürətli” müharibə planı hazırladı. “Şliffen planı”na görə, müharibə iki cəbhədə aparılmalı idi.
Dünyanı yenidən bölüşdürmək fikrinə münasibət bildirin.
İtaliya. XIX əsrin birinci yarısında İtaliyada siyasi dağınıqlıq hökm sürürdü.
Ölkənin iqtisadi cəhətdən ən çox inkişaf etmiş bölgələri Sardiniya krallığı və Avstriya zülmü altında olan Lombardiya idi. Sardiniya kralı Fransa imperatoru III Napoleonla ittifaq bağlayıb Lombardiya və Venesiyanın ona qaytarılacağı təqdirdə bəzi İtaliya torpaqlarının Fransaya verilməsi ilə razılaşdı. 1859-cu ildə Solferino döyüşündə Fransa və Sardiniya qoşunları avstriyalıları məğlub edib Lombardiyanı azad etdi. Lakin Avstriya ilə gizli sülh bağlayan Fransa müharibədən çıxdı. Nəticədə, Venesiya Avstriya zülmü altında qaldı.
Sizcə, İtaliyada siyasi pərakəndəliyin qarşısını necə almaq olardı?
1861-ci ildə Sardiniya kralı II Viktor Emmanuel vahid İtaliyanın kralı elan edildi. Əvvəlcə Avstriya, sonra isə Fransanın Almaniya tərəfindən məğlub edilməsi Venesiyanın və Romanın İtaliya krallığına birləşdirilməsinə şərait yaratdı. Beləliklə, 1870-ci ildə İtaliya torpaqlarının birləşdirilməsi başa çatdı. Ölkənin birləşdirilməsi siyasi pərakəndəliyə son qoydu. Milli dövlət quruculuğu iqtisadi yüksəlişə təkan verdi. Daxili ticarətin inkişafına əngəl olan maneələr aradan qaldırıldı.
İtaliyanın birləşdirilməsinin nəticəsini müzakirə edərək ölkə üçün əhəmiyyətini müəyyənləşdirin.
Bir müddət sonra İtaliya ilə Almaniya arasında siyasi yaxınlaşma baş verdi. İtaliya Almaniyanın təşəbbüsü ilə Üçlər İttifaqına daxil oldu.