Almaniyanın birləşdirilməsində Otto fon Bismarkın rolunu nədə görürsünüz və siz onu necə qiymətləndirirsiniz?
“1859–1862-ci illərdə Prussiyanın Rusiyada səfiri olan Bismark rus diplomatiya məktəbinin ənənələri ilə yaxından tanış olmuş, görkəmli natiq və diplomat, Rusiyanın Xarici İşlər naziri A.M.Qorçakovdan dərs almışdı. Qorçakovun inamını qazanan Bismark gündəlik diplomatik poçtla tanış olmaq imkanı əldə etmişdir... 1862-ci ildə Parisə səfir göndərilən Bismark fransız diplomatiyasının bütün nailiyyətlərindən bəhrələnmişdi. Beləliklə, Bismark Almaniyanın əhatəsində olan dörd böyük dövlətin – Avstriyanın, Fransanın, İngiltərənin və Rusiyanın diplomatiyasını öyrənməklə böyük təcrübə qazanmış və bu təcrübə Almaniyanın birləşdirilməsi prosesində böyük rol oynamışdı”.
A.N.Abbasbəyli və S.Z.Yusifzadənin “Almaniyanın birləşdirilməsi və beynəlxalq nəticələri” məqaləsindən
Bu dövrdə Almaniya, Rusiya və Avstriya yaxınlaşmağa başladı. Lakin Almaniya Rusiya–Osmanlı müharibəsindən (1877–1878) sonra Rusiyanın güclənməsini istəmədiyi üçün bu yaxınlaşma pozuldu. Buna baxmayaraq, Almaniya öncə Avstriya, sonra isə İtaliya ilə hərbi ittifaq bağladı. Beləliklə, 1882-ci ildə Üçlər İttifaqı yarandı. Buna cavab olaraq, Rusiya Fransa ilə yaxınlaşdı və onlar arasında bağlanmış 1894-cü il konvensiyası ilə gələcəkdə yaradılacaq “Antanta”nın əsası qoyuldu.
Üçlər İttifaqı ilə “Antanta”nı müqayisə edin.
XX əsrin əvvəllərində Almaniya sənaye məhsulu istehsalına görə ABŞ-dan sonra ikinci yerə çıxdı. Almaniyanın birləşdirilməsi, Elzas və Lotaringiyanın ələ keçirilməsi, Fransadan 5 milyard frank təzminat alınması ölkənin iqtisadi inkişafına şərait yaratdı. Bu inkişaf inhisarların yaranmasını daha da sürətləndirdi. Almaniya kapitalı, əsasən, Cənub-Şərqi Avropaya, Yaxın Şərqə və Cənubi Amerikaya ixrac edilirdi.
Almaniyada dövləti imperator idarə edirdi. Ölkədə şovinist* əhvali-ruhiyyə güclənir, Almaniyanın “zəruri yaşayış sahəsi”ni genişləndirmək ideyası formalaşırdı. Ölkənin hakim dairələri isə dünyanı yenidən bölüşdürmək istəyirdi. Bu məqsədə çatmaq üçün Almaniya imperiyası “dinc nüfuzetmə” siyasətindən istifadə etməklə (məsələn, Berlin–Bağdad dəmiryolu çəkməklə) yanaşı, açıq-aşkar müharibədən də çəkinmirdi.
* Şovinizm – millətçiliyin ifrat formalarından biri olub, başqa millətlərə, xalqlara qarşı nifrət və ədavəti qızışdırmağa yönəlmiş siyasət