Bu imperiya Almaniya İttifaqında olan dövlətləri birləşdirməli idi. 1849-cu ildə Ümumalman parlamentində hazırlanmış konstitusiyanın müdafiəsi üçün ölkədə üsyanlar başladı. 1848–1849-cu illər inqilabı burjua-demokratik inqilabı idi. İnqilab qarşıya qoyulan tələblərin çoxunu yerinə yetirə bilməsə də, Prussiyada konstitusiya qəbul edildi.
Sizcə, vahid Almaniya imperiyasının yaradılmasının əhəmiyyəti nə idi?
İnqilab məğlubiyyətə uğrasa da, Almaniya kapitalizmin inkişafı yoluna daxil oldu. Sənaye çevrilişi başladı. Dəmir yolları çəkilişinə, buxar maşınlarının sayına və kömür istehsalına görə Almaniya Fransanı ötüb-keçdi. Prussiya kralı I Vilhelm 1862-ci ildə Otto fon Bismarkı birinci nazir təyin etdi. Almaniyanı “dəmir və qanla”* birləşdirməyin tərəfdarı olan Bismark bu işə mane olan Avstriya ilə müharibəni yeganə vasitə saydı. Şlezviq və Holşteyn vilayətlərini Danimarkanın əlindən alan Prussiya 1866-cı ildə Sadova döyüşündə Avstriyanı məğlub etdi. Avstriya Almaniyanın birləşdirilməsi ilə barışmalı oldu. 1866-cı ildə Bismark 22 dövlətdən ibarət Şimali Alman İttifaqını yaratdı və növbəti il vahid konstitusiya qəbul edildi. 1870–1871-ci illər Fransa–Prussiya müharibəsində qalib gələn Prussiya Versalda Almaniya imperiyasının yarandığını elan etdi. Az sonra Ümumalman konstitusiyası qəbul olundu. Beləliklə, Almaniyanın birləşməsi prosesi başa çatdı. Vahid daxili bazar təşəkkül tapdı.
* “Zamanın böyük məsələləri parlament qətnamələri və çıxışlarla həll olunmur, “dəmir və qanla həll olunur” deyən Bismark Almaniyanın silah gücünə birləşdirilməsini nəzərdə tuturdu.