5. Almaniya və İtaliya
XIX əsrin əvvəllərində Almaniya feodal dağınıqlığı vəziyyətində idi. Almaniyada olduğu kimi, İtaliyada da siyasi pərakəndəlik hökm sürürdü. 1848–1849-cu illər inqilabı məğlubiyyətə uğradıldı, yadellilərin zülmünə və siyasi dağınıqlığa son qoymaq mümkün olmadı. Almaniya və İtaliya XIX əsrin sonu – XX əsrin əvvəllərində dünyanın bölüşdürülməsində maraqlı olan ölkələrə çevrildi.
Almaniya. XIX əsrin əvvəllərində Almaniya dağınıq vəziyyətdə qalmaqda idi. Vyana konqresinin qərarına əsasən, Almaniya İttifaqı təşkil edildi. Onun daxilində Prussiya və Avstriya arasında ağalıq üstündə mübarizə gedirdi. Prussiyada əkinəyararlı torpaqların yarıdan çoxu iri mülkədarların əlində cəmləşsə də, tədricən varlı kəndlilər də formalaşmağa başlamışdı. Almaniyanın kənd təsərrüfatında mülkədar torpaq sahibliyi qaldığı üçün kapitalizm ləng inkişaf edirdi.
XIX əsrin əvvəllərində Almaniyanın geri qalmasının səbəbini nədə görürsünüz?
1848-ci ildə Almaniyada başlanan inqilabın əsas tələbləri vahid milli dövlətin yaradılması və feodal qaydalarının ləğv edilməsi idi. Prussiya kralı IV Fridrix Vilhelm Milli Məclisə seçkilər keçirməyə razı oldu. Elə həmin ildə Berlində Prussiya Milli Məclisi açıldı. Milli Məclis konstitusiya hazırlamalı idi. Lakin kral xalqın etimadını itirmiş Milli Məclisi qovdu və özü xalqa “konstitusiya bağışlamaq” haqqında fərman verdi.
Frankfurt-Mayn şəhərində fəaliyyətə başlayan Ümumalman parlamentində deputatların əksəriyyəti vahid Almaniya imperiyasının yaradılması ideyasını irəli sürdülər.