Fransa. XIX əsrin əvvəlində Fransa formal respublika sayılırdı. Lakin bütün hakimiyyət Napoleon Bonapartın əlində idi. 1804-cü ildə senat Napoleon Bonapartı I Napoleon adı ilə imperator elan etdi və Fransada birinci imperiya yarandı. Fransanın işğalçılıq niyyətlərinə qarşı Avropa dövlətləri (İngiltərə, Rusiya, Avstriya) koalisiya – ittifaq təşkil etdilər. 1805-ci ilin oktyabrında Trafalqar dəniz döyüşündə ingilis donanması fransızları məğlubiyyətə uğratdı. Avstriya tərəfdən daha çox təhlükə gözlənildiyinə görə I Napoleon əsas zərbəni oraya yönəldərək Vyananı tutdu, Austerlits döyüşündə isə Rusiya və Avstriya ordusunu məğlub etdi. 1806-cı ildə Prussiya ordusunu məğlub edib Berlinə daxil olan I Napoleon “Kontinental blokada haqqında” dekret imzaladı. Bu dekretə görə, Fransa imperiyasına və ondan asılı olan ölkələrə İngiltərə ilə ticarət qadağan edildi. Rusiya ilə imzalanan 1807-ci il Tilzit sülhünə əsasən, Rusiya XIX əsrin əvvəllərində Fransanın Avropadakı işğallarını tanıdı və İngiltərəyə qarşı kontinental blokadaya qoşuldu.
Nə üçün Rusiya Tilzit sülhünün şərtlərini imzalamağa məcbur oldu?
1812-ci ilin iyununda I Napoleon Rusiyaya qarşı müharibəyə başladı və Borodino döyüşündə böyük itki verdi. Fasiləsiz müharibələrin ölkə iqtisadiyyatını zəiflətməsi və Fransa ordusunun Rusiyadakı məğlubiyyəti I Napoleon imperiyasının süqutunun başlanğıcı oldu. 1813-cü ilin oktyabrında Leypsiq yaxınlığındakı “Xalqlar döyüşü”ndə müttəfiqlər Napoleon ordusunu məğlub etdilər. Növbəti ilin martında Parisə daxil olan müttəfiqlər I Napoleonu hakimiyyətdən uzaqlaşdıraraq Elba adasına sürgün etdilər. Burbonlar sülaləsi bərpa edildi.
1814–1815-ci illərdə keçirilən Vyana konqresinin qərarı ilə Rusiya, Avstriya və İngiltərə bir sıra ərazilər əldə etdi. Alman dövlətlərindən ibarət Almaniya İttifaqı yaradıldı. Fransa əvvəlki sərhədlərinə qaytarıldı.