İngiltərənin paytaxtı London dünyanın ticarət və maliyyə mərkəzi idi. Burada geniş bank şəbəkələri vardı. İngiltərə dünya ticarətində və kapital ixracında birinci yeri tuturdu. Lakin sənaye istehsalına görə o, ABŞ və Almaniyadan geri qalırdı.
İngiltərə Cənubi Afrikada öz müstəmləkələrini genişləndirmək istəyirdi. Bu səbəbdən də vaxtilə bura Avropadan köçüb gəlmiş avropalıların nəslindən olan burlarla müharibəyə başladı (1899–1902). Müharibə ingilislərin qələbəsi ilə başa çatdı. Bağlanan sülh müqaviləsinə görə, ingilislər bütün Cənubi Afrikanın işğalını başa çatdırdılar. 1910-cu ildə bu torpaqlar Cənubi Afrika İttifaqı adı altında dominion hüququ aldı.
XX əsrin əvvəlində dünyanı bölüşdürmək uğrunda Almaniya ilə münasibətlər kəskinləşdi. Bu rəqabət İngiltərəni Fransa ilə yaxınlaşdırdı. İngiltərə Fransanın Mərakeşdə, Fransa isə İngiltərənin Misirdə ağalığını tanıdı. 1907-ci ildə Peterburqda ingilis–rus sazişi bağlandı. Beləliklə, onlar üçlükdə “Antanta”* hərbi-siyasi ittifaqını yaratdılar.
“Antanta” hərbi-siyasi ittifaqının yaradılmasını zəruri edən səbəbləri müəyyən edin.
* Antanta (fransız dilində saziş deməkdir) – İngiltərə, Fransa və çar Rusiyasının Almaniya və müttəfiqlərinə qarşı yaratdığı hərbi blok