III FƏSİL. AVROPA ÖLKƏLƏRİ VƏ
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
4. Böyük Britaniya və Fransa
XIX əsrdə İngiltərə və Fransa öz qüdrətini saxlamaqda idi. Kapitalist münasibətlərinin inkişaf etdiyi bu ölkələr xammal və işçi qüvvəsi əldə etmək üçün müxtəlif yollara əl atırdı. Buna görə də hər iki dövlət müstəmləkə siyasəti aparmaqdan çəkinmirdi.
Böyük Britaniya. XIX əsrin birinci yarısında Böyük Britaniyanın bütün sənaye sahələrində fabrik və zavodlar üstünlük təşkil edirdi. Əsrin ortalarında fabriklərdə lazım olan avadanlıqlar artıq maşınlar vasitəsilə hazırlanırdı. Bu, sənaye (texniki) çevrilişinin başa çatması demək idi. Həmin dövrdə iqtisadiyyatda aparıcı rol kənd təsərrüfatından sənayeyə keçdi. Xırda və orta müəssisələr iri müəssisələr tərəfindən “udulur”, bununla da istehsalda təmərküzləşmə* prosesi gedirdi. Beləliklə, İngiltərə dünyada birinci sənaye ölkəsinə çevrildi. Onu “dünya emalatxanası” adlandırırdılar.
İngiltərənin “dünya emalatxanası” adlandırılmasının səbəbini izah edin.
Sənayenin coşqun inkişafına baxmayaraq, sənaye burjuaziyası hələ də hakimiyyətdə təmsil olunmamışdı. 1832-ci ildə keçirilən ilk parlament islahatı nəticəsində parlamentdə sənaye burjuaziyasına da yer verildi. 1867-ci ildə keçirilən ikinci parlament islahatı nəticəsində isə xırda burjuaziya və fəhlələrin yuxarı təbəqəsi də seçki hüququ qazandı.
XIX əsrdə Böyük Britaniya dünyada ən çox müstəmləkəyə sahib olan imperiya idi. 1867-ci ildə qəbul edilən “Britaniya Şimali Amerikası haqqında akt”a görə, Kanada İngiltərənin ilk dominionu** oldu.
İngiltərənin siyasi quruluşu əvvəllər olduğu kimi qalırdı. Ölkəni iki siyasi partiya: mühafizəkarlar və liberallar növbə ilə idarə edirdi. XX əsrin əvvəllərində liberallar seçkidə qalib gəldilər. Onların təşkil etdiyi hökumət sosial-iqtisadi sahədə islahatlar həyata keçirdi. Bu islahatlar Liberallar hökumətinin nüfuzunu xeyli artırdı.
* Təmərküzləşmə – sənayenin müxtəlif sahələrinin iri müəssisələr şəklində cəmləşməsi
** Dominion – özünüidarə hüququ almış müstəmləkə ölkə