1910-cu ildə imzalanmış Yaponiya– Koreya müqaviləsinə əsasən Koreya Yaponiyanın protektoratına* çevrildi.
1902-ci ildə bağlanmış İngiltərə–Yaponiya müqaviləsi Rusiya ilə müharibəyə hazırlığı gücləndirdi.
1904-cü ilin yanvarında Koreya limanlarında rus gəmilərinin yapon donanması tərəfindən batırılması ilə müharibə başlandı. Həmin ilin yayında Lyaoyan ətrafında Rusiya ordusu yaponlara məğlub oldu. Yapon ordusu və donanmasının Port-Artur qalasını ələ keçirməsi və Susima dəniz vuruşmasında qalib gəlməsi müharibənin taleyini həll etdi. 1905-ci ilin avqustunda ABŞ-ın Portsmut şəhərində sülh müqaviləsi bağlandı. Rusiya Yaponiyanın Cənubi Mancuriya və Koreyada şəriksiz ağalığını tanıdı. Saxalinin cənub hissəsi Yaponiyaya verildi.
Portsmut sülhünün şərtlərini müzakirə edin. Bu sülhün şərtlərinin Yaponiya üçün əhəmiyyəti nə idi?
“Yaponiya Portsmut sülhü ilə Mancuriya, Koreya və Şimal-Şərqi Çində Rusiyanın təsirinin artmasının qarşısını alaraq söz sahibinə çevrildi. Beləliklə, Uzaq Şərqin bu bölgəsindəki şiddətli rus–yapon rəqabəti Yaponiyanın üstünlüyü ilə nəticələndi... Yaponiyanın 1904–1905-ci illər müharibəsində Avropanın böyük bir dövlətini məğlub etməsi Uzaq Şərqdə yeni bir güc, dünya siyasət meydanında “böyük bir dövlət” kimi ortaya çıxdığını göstərdi. Bu dövrdən etibarən Yaponiya Uzaq Şərqdə dünya güclərinin balansında nəzərə alınacaq bir dövlətə çevrildi”.
Rifat Uçarol. Siyasi Tarih (1789–1994). İstanbul, 1995, s. 285.
* Protektorat – xarici təhlükədən müdafiə bəhanəsi ilə asılı vəziyyətə salınmış dövlət