1856-cı ildə yeni – İkinci Tiryək müharibəsi başladı. İngilis–fransız hərbi dəstələri Kanton şəhərini mühasirəyə aldılar. Onlar əvvəlki müqavilələrə yenidən baxılmasını, Çin çaylarında ingilislərə məxsus gəmilərin üzməsinə icazə verilməsini tələb etdilər. Ciddi müqavimətə rast gəlməyən ingilis–fransız qoşunları 1860-cı ilin oktyabrında Pekinə daxil oldu. Məğlub olan Çin hökuməti Böyük Britaniya və Fransa ilə yenidən qeyri-bərabər hüquqlu müqavilələr imzaladı. Pekin müqavilələrinin şərtlərinə görə, tiryək satışı açıq elan edildi, Çin Fransa və Böyük Britaniyaya təzminat* ödəməli oldu.
Pekin müqavilələrinin şərtlərini təhlil edin və Nankin müqaviləsi ilə müqayisə aparın.
Xarici təcavüz, feodalların özbaşınalığı, mancur ağalığı, vergilərin ağırlığı xalq kütlələrinin vəziyyətini daha da ağırlaşdırdı. Xalqın mancurlara, müstəmləkəçilərə qarşı mübarizəsi “Taypinlər hərəkatı” (1850–1864) adını aldı. Hərəkatın rəhbəri Xun Sütsüan idi. O, bərabərlik ideyası təbliğ edir və “Səmavi ümumi rifah dövləti” (“Taypin tyanqo”) yaratmaq istəyirdi. Lakin monarxiya və feodal qaydaları ləğv edilmədi. Üsyançılar Nankin şəhərini tutaraq Xun Sütsüanı imperator elan etdilər. Taypinlər vergiləri azaltdılar, yoxsulların borclarını ləğv etdilər, qadınlara kişilərlə bərabər hüquq verdilər.
Taypinlər hərəkatı Çinin tarixində hansı izi qoydu? Fikirlərinizi şərh edin.
Yaranmış vəziyyət böyük dövlətlərin ölkəyə müdaxiləsini sürətləndirdi. Çindən növbəti güzəştlər qoparmaq istəyən Böyük Britaniya, Fransa və ABŞ üsyanı yatırmaqda hökumətə kömək etdi. 1864-cü ildə Nankin tutuldu və üsyan yatırıldı. Taypinlər hərəkatı yatırılsa da, ölkədə kapitalizmin meydana gəlməsi və inkişafı üçün yol açıldı.
Taypinlər hərəkatının yatırılmasında xarici dövlətlərin marağı nə idi?
XIX əsrin axırlarında Çinin zəifləməsindən istifadə edən müstəmləkəçilər onu “nüfuz dairələri”nə bölməyə çalışdılar. Ölkənin bölüşdürülməsi yolunda ilk addımı Böyük Britaniya və ABŞ-ın köməyi ilə Yaponiya atdı. Koreya uğrunda mübarizə Çin–Yaponiya müharibəsinə (1894–1895) səbəb oldu. 1895-ci ildə tərəflər arasında bağlanan müqaviləyə görə, Çin Koreyanın müstəqilliyini tanıdı. Müharibədə uğursuzluq Çinin bölüşdürülməsini sürətləndirdi.
* Təzminat – məğlub dövlətin qalib dövlətə verməli olduğu pul