İctimai-siyasi, mədəni-maarif, milli və dini hüquqların bərpası ön planda dururdu. 1905–1906-cı illərdə keçirilmiş Ümum-Rusiya müsəlmanları qurultayları türk xalqlarının təşkilatlanmasında mühüm rol oynadı.
Ümum-Rusiya müsəlmanları qurultayının Türk dünyası üçün əhəmiyyəti nədən ibarət idi?
Rusiyanın türk xalqları yaşayan bölgələrindən Dövlət Dumalarına seçilmiş deputatlar öz xalqlarının tələbini hökumətə çatdırmaq üçün Müsəlman fraksiyası yaratdılar. Qafqazda inqilabi çıxışlar geniş miqyas aldı. Bununla əlaqədar, Qafqaz canişini diyarda fövqəladə vəziyyət tətbiq etməyə məcbur oldu.
Birinci Dünya müharibəsi ərəfəsində erməni millətçiləri Qafqazın azərbaycanlılar, gürcülər yaşayan bölgələri və Osmanlı imperiyasının şərq vilayətləri hesabına uydurma “Böyük Ermənistan” yaratmaq üçün geniş fəaliyyətə başladılar. Rusiya hakim dairələri Osmanlı imperiyası ilə bağlı işğalçılıq planlarını gerçəkləşdirmək üçün imperiya ərazisində yaşayan ermənilərdən bir vasitə kimi istifadə etdi və onları silahlandırdı.
Çar Rusiyasının erməniləri silahlandırmaqda məqsədi nə idi?
Qafqaz cəbhəsində hərbi əməliyyatlar başlandıqdan sonra erməni silahlı dəstələri arxa cəbhədə fəallaşdı. Onlar türk-müsəlman əhalini məhv etməyə, Osmanlı ordusuna silah-sursat və ərzaq daşıyan karvanlara basqın etməyə başladılar. Buna görə Osmanlı dövləti 1915-ci il aprelin 24-də erməni dəstə başçılarının həbs olunması və həmin ilin mayında cəbhəyə yaxın bölgələrdən erməni əhalisinin imperiyanın daxili vilayətlərinə köçürülməsi haqqında qərar verdi. Sonrakı onilliklərdə erməni siyasətçiləri bu hadisəni ermənilərin guya türklər tərəfindən “mütəşəkkil surətdə dövlət səviyyəsində məhvi” kimi qələmə verərək uydurma “erməni soyqırımı” iddiasını irəli sürdülər.
Birinci Dünya müharibəsinin sonlarında erməni-daşnak silahlı dəstələri Bakı, İrəvan, Naxçıvan, Qarabağ, Zəngəzur, Şamaxı, Quba, Lənkəran, Şərqi Anadolu və Cənubi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı kütləvi soyqırımları həyata keçirdi.
“Erməni soyqırımı”nın uydurma olduğunu əsaslandırın.
Birinci Dünya müharibəsi dövründə Rusiyanın türk xalqları yaşayan bölgələrində cəbhə üçün vacib olan xammal və sənaye məhsulları istehsalını artırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilirdi. Çarizm etibar etmədiyinə görə müsəlmanları hərbi xidmətə çağırmırdı. Əvəzində onlardan xüsusi vergi alınırdı. Rus ordusu cəbhədə böyük itkilər verdiyi üçün imperiyanın müsəlman əhalisi həm də kütləvi şəkildə arxa cəbhədəki işlərə cəlb edilirdi.