Üsyanın məğlubolma səbəbini şərh edin. Rusiyanın müstəmləkə zülmünə qarşı baş vermiş bu hərəkatı Babilər hərəkatı ilə müqayisə edin.
XIX əsrin ortalarında Mərkəzi Asiya Rusiya ilə Böyük Britaniya arasında rəqabət meydanına çevrildi. Bu dövrdə Mərkəzi Asiyada Kokand və Xivə xanlıqları, Buxara əmirliyi var idi. Bu region çarizmi xammal mənbəyi və satış bazarı kimi özünə cəlb edirdi. Rusiya xanlıqlar arasında gedən ara müharibələrindən istifadə edərək Mərkəzi Asiyada öz işğalçılıq siyasətini daha da gücləndirdi. Rusiya ordusu Kokand xanlığına hücum edərək Mərkəzi Asiyanın ən böyük şəhəri olan Daşkəndi ələ keçirdi. 1867-ci ildə işğal edilmiş ərazilərdə Türküstan general-qubernatorluğu yaradıldı. Növbəti ildə rus ordusu tərəfindən Buxara və Səmərqənd, bir müddət sonra isə Türkmənistan ərazisi işğal edildi. 1895-ci ildə Pamirin tutulması ilə Mərkəzi Asiyanın işğalı başa çatdı.
Mərkəzi Asiyanın işğalının başa çatdırılmasının Rusiya üçün əhəmiyyəti nə idi? Bu işğalın əsarətdə olan xalqlar üçün nəticələrini müəyyən edin.
Mərkəzi Asiya və Qazaxıstanda Rusiyanın yeritdiyi siyasət mahiyyətcə işğalçılıq və milli müstəmləkəçilik siyasəti idi.
1905-ci ilin yanvarında Birinci Rus İnqilabı başladıqdan sonra çar “17 Oktyabr manifesti” ilə demokratik azadlıqlar verdiyini bəyan etdi. Bu, türk-müsəlman xalqları yaşayan bölgələrdə milli hərəkatın canlanmasına səbəb oldu. Türk xalqlarının milli burjuaziyası, torpaq sahibləri və ruhanilər müəyyən güzəştlər əldə etməyə çalışırdılar.