2. Qafqaz və Türk dünyası
XIX əsr və XX əsrin əvvəlləri Qafqaz və Türk dünyası üçün gərgin bir dövr idi. Rusiya Qara dəniz və Xəzər dənizi hövzələrində, Orta və Yaxın Şərqdə öz təsirini gücləndirmək üçün Cənubi Qafqazın işğalına böyük əhəmiyyət verirdi. Türk dünyası və Qafqaz təhlükə ilə üz-üzə idi.
Qafqaz. Qafqazın işğalında ilk addım Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi oldu. 1801-ci ildə Çar I Aleksandrın verdiyi manifestlə Kartli-Kaxeti çarlığı ləğv edildi və Rusiyanın əyalətinə çevrildi. Rusiya–Osmanlı və Rusiya–Qacar müharibələri nəticəsində Cənubi Qafqazın Rusiya tərəfindən işğalı başa çatdı. İşğal edilmiş əraziləri Qafqazdakı rus qoşunlarının baş komandanı idarə edirdi. Rus zabitləri bölgələrə komendant təyin edilir, hərbi müstəmləkə idarəçiliyini həyata keçirirdilər. Müsəlmanların, xüsusən türklərin yaşadıqları bölgələrdə insanların milli və dini heysiyyəti təhqir edilirdi.
Hərbi müstəmləkə idarəçilik sistemi nədir? Sizcə, milli və dini heysiyyətin təhqir olunmasında məqsəd nə idi?
Türkmənçay və Ədirnə müqavilələrinə əsasən, Rusiya Cənubi Qafqazın işğalını başa çatdırdı. Çarizmin Qacarlar İranından və Osmanlı imperiyasından erməniləri köçürüb işğal olunmuş Azərbaycan torpaqlarına yerləşdirməsi soydaşlarımızın öz ata-baba yurdlarında sıxışdırılmasına, soyqırımına və deportasiyalara yol açdı. Bu, Cənubi Qafqazın etnik və demoqrafik vəziyyətində ciddi dəyişiklik yaratdı.
Çarizmin erməniləri köçürmə siyasətini həyata keçirməkdə məqsədi nə idi?
Cənubi Qafqazın işğalından sonra Şimali Qafqazın dağlıq bölgələrinin işğalına başlanıldı. 1864-cü ilə qədər davam etmiş döyüşlər tarixə “Qafqaz müharibəsi” kimi daxil oldu. Ələ keçirilmiş ərazilərdə Qroznı və digər qalalar inşa edildi. Dağlı aullarının tamamilə məhv edilməsinin və yerli əhalinin düzənlik bölgələrə köçürülməsinin qarşısını almaq üçün dağlı xalqları öz azadlıqları uğrunda qətiyyətlə vuruşurdular.
XIX əsrin 20-ci illərində Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə daha geniş vüsət aldı. Bu mübarizədə Şimali Qafqaz xalqları müridizm* bayrağı altında birləşdilər. Onların bu azadlıq mübarizəsinə rəhbərlikdə Şeyx Şamil xüsusilə fərqləndi.
* Müridizm – Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı yönəlmiş milli azadlıq hərəkatı