Rok musiqisi səhnə və məişət məsələlərində demokratizmi təbliğ edirdi.
XX əsrin 50–60-cı illərinin incəsənəti yeni – abstrakt rəssamlığın yaranması ilə əlamətdardır. Bu cərəyanın da vətəni ABŞ-dır. Qloballaşan dünyada mədəniyyətin hər hansı bir sahəsində meydana gələn diqqətəlayiq hadisənin sürətlə yayılması təbiidir. Rəssamlığın bu cərəyanı da ABŞ-dan digər ölkələrə yayılmağa başladı.
Nə üçün rəssamlar fikirlərini mücərrəd ifadə etmək ehtiyacı duyurdular?
Totalitar sovet cəmiyyətində ədəbiyyatın və incəsənətin başlıca vəzifəsi sosializm quruluşunu tərifləmək, kommunist ideologiyasını tərənnüm etmək idi. Fərqli ideologiyaya malik olan Qərbi Avropanın və ABŞ-ın ədəbiyyat və incəsənətində olan bir çox yeniliklər SSRİ-də qəbul edilmirdi. SSRİ-də ədəbiyyat və incəsənət sahəsində özünəməxsus mədəniyyət tərəqqi edirdi.
Sovet rejimi nə qədər sərt olsa da, sosialist ideologiyasının təsirindən çıxa bilən ədəbiyyat və incəsənət xadimləri çox idi. Dünya şöhrətli ifaçı Mstislav Rostropoviç, kinorejissor Andrey Tarkovski və başqaları kommunist ideologiyasına yox, əsl sənətə xidmət etmişlər.
Xalqımız XX əsrin ikinci yarısında bəşər mədəniyyətinə Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov kimi dünya şöhrətli bəstəkarlar, Rəşid Behbudov, Müslüm Maqomayev, Alim Qasımov, Əzizə Mustafazadə kimi sənətkarlar vermişdir. Çingiz Abdullayev isə müasir dövrün ən çox tanınmış Azərbaycan yazıçısıdır.
Qloballaşan dünyada müxtəlif mədəniyyətlər davamlı olaraq bir-birinə təsir göstərməkdədir. Bu mənada, dünya mədəniyyətinin, o cümlədən Qərb musiqisinin Azərbaycan musiqisinə birtərəfli təsirindən danışmaq düzgün olmazdı. Şərq musiqisinin, eləcə də Azərbaycan muğamının Qərb və dünya musiqisinə təsiri də getdikcə artmaqdadır. Azərbaycan bəstəkarlarının, xüsusilə Fikrət Əmirovun simfonik əsərləri Qərbdə muğam kimi möhtəşəm musiqiyə böyük maraq və məhəbbət yaratmışdır.