Totalitar rejimin hakim olduğu SSRİ-də ənənəvi ədəbiyyatla yanaşı, “sosialist realizmi” adlanan yeni ədəbiyyat da formalaşırdı.
SSRİ-də və digər sosialist dövlətlərində sosialist realizmi cərəyanı hakim cərəyan idi. Sosialist realizmi prinsiplərindən kənara çıxan, dövrün, cəmiyyətin ictimai-siyasi ziddiyyətlərini tənqid edən yazıçı və şairlər repressiyanın qurbanı olurdular.
1920–1930-cu illər incəsənətdə yeni mərhələnin başlanması və inkişafı dövrü oldu. Qərbi Avropa, ABŞ və SSRİ-də teatrların fəaliyyəti canlanmış, kino sahəsi inkişaf etməyə başlamışdı. Çarli Çaplinin filmləri fərqlənir, tamaşaçıların diqqətini cəlb edirdi. Həmçinin səsli kino çəkilişində də sənətkarlıq yüksəlirdi.
Bu onilliklər musiqi sənətinin də inkişafında yeni mərhələ oldu. Caz musiqisi bu dövrdə yarandı. Bu musiqi janrının vətəni Amerika idi. ABŞ-ın Avropa ölkələri ilə əlaqələri Birinci Dünya müharibəsindən sonra genişlənmiş və artmışdı. Odur ki caz musiqisi Avropaya yayılmağa başladı.
Mədəniyyətin bu dövrdəki sürətli inkişafına təkan verən səbəb nə idi?
İkinci Dünya müharibəsindən sonra ədəbiyyatın və incəsənətin inkişafı üçün yeni şərait yarandı. Bu proses faşist rejiminin devrilməsi, demokratiyanın inkişafı ilə bağlı idi. Yeni şəraitlə bərabər, yeni mövzu da yarandı. Dövrün görkəmli yazıçı və şairləri əsərlərində faşizmi, müharibəni pisləyir, insanlarda humanizm hisslərini gücləndirməyə səy göstərirdilər. Türk yazıçılarının da əsərləri bu sahədə böyük rol oynadı.
Amerika yazıçısı Ernest Heminquey isə daha irəli gedərək əsərlərində humanist prinsiplərə sadiq qalan insanları təsvir etdi. Onun “Qoca və dəniz” hekayəsində bu cəhət özünü daha dolğun, daha qabarıq göstərdiyinə görə ona Nobel mükafatı verilmişdi.
İkinci Dünya müharibəsi illərində və müharibədən sonra yazılmış əsərlərin müasir dövr üçün əhəmiyyətini izah edin.
XX əsrin ortalarında “Qəzəblənmiş gənc adamlar” cərəyanının üzvləri şəxsiyyət azadlığı, insanın özünüifadə hüququ uğrunda mübarizə aparırdılar. Bu ədəbi cərəyanın davamçısı rok musiqisi oldu. XX əsrin ikinci yarısında rok musiqisi geniş şöhrət tapdı. Bu musiqi cərəyanı Böyük Britaniya və ABŞ-da yaranmışdı.