1896-cı ildə hakimiyyətə Müzəffərəddin şah gəldi. Elmə yüksək dəyər verən Müzəffərəddin şah Təbrizdə yeni qəzetlərin çapına icazə verdi. Ordunun təminatı yaxşılaşdırıldı. Azərbaycandakı aclığı aradan qaldırmaq məqsədilə Rusiyadan alınan taxılın ucuz qiymətə satılması əhali tərəfindən rəğbətlə qarşılandı.
1906-cı ilin sonunda Qacarlar dövlətində güclənən Məşrutə (konstitusiya) hərəkatı nəticəsində Müzəffərəddin şah konstitusiyanı qəbul etdi. Onun vəfatından sonra taxta çıxan oğlu Məhəmmədəli şah konstitusiyanın icrasına imkan vermədi. Bu, ölkədə Məşrutə hərəkatının genişlənməsi üçün təkan oldu.
XIX əsrin əvvəllərində İngiltərə və Rusiyanın nüfuz dairələrinə bölünən Qacarlar dövləti XX əsrin əvvəllərində gərgin bir dövr keçirir və getdikcə öz siyasi nüfuzunu daha da itirirdi.
Məhəmmədəli şahın konstitusiyanın icrasına imkan verməməsinin səbəbi nə idi? Fikirlərinizi bildirin.