1970-ci illərin ikinci yarısında SSRİ Avropada ortamənzilli raketlər yerləşdirdi. SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi ilə beynəlxalq münasibətlərdə “son tutaşma” adlanan gərginlik mərhələsi başladı. ABŞ Prezidenti R.Reyqanın “ulduzlar müharibəsi” proqramını elan etməsi gərginliyi daha da artırdı. Lakin 1980-ci illərin sonlarında hərbi-iqtisadi istehsal və silahlanma sahəsində ABŞ-la yarışa tab gətirməyən SSRİ beynəlxalq münasibətlərdə gərginliyi azaltmağa üstünlük verdi. Bu məqsədlə SSRİ və ABŞ arasında bir sıra zirvə görüşləri keçirildi. Orta və yaxın-
mənzilli raketlərin ləğv olunması barədə saziş imzalandı. ATƏM-in iştirakçısı olan ölkələrin nümayəndələrinin 1990-cı ildə Paris zirvə görüşündə Yeni Avropa üçün Xartiya qəbul olundu.
Keçən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin süqut etməsi ilə sosializm birliyinə son qoyuldu. SSRİ–ABŞ qarşıdurması sona çatdı. Bununla da, 1946-cı ildən etibarən davam edən “Soyuq müharibə” bitdi.
SSRİ-nin süqutetmə səbəblərini təhlil edin.
SSRİ-nin və sosializm sisteminin dağılması dünyada qüvvələr nisbətini də pozdu. ABŞ-ın hegemon olduğu birqütblü beynəlxalq münasibətlər formalaşmağa başladı. 1997-ci ildə Rusiya ilə NATO arasında “bir-biri ilə düşmənçilik etməyəcəkləri” barədə razılaşma əldə olundu. Bu isə NATO-nun Şərqə doğru irəliləməsinə şərait yaratdı. Şərqi Avropanın keçmiş sosialist ölkələri NATO-ya qoşuldu. Bu ölkələr eyni zamanda Avropa Birliyinin üzvlüyünə qəbul edildi.
Hazırda dünyada ən çox münaqişə ocaqları Yaxın Şərqdədir. XXI əsrin əvvəllərindən bu bölgəyə Qərb dövlətlərinin müdaxiləsi qarşıdurmaları daha da kəskinləşdirib. İraq, Suriya və Yəməndə baş verən qanlı savaşlar bütün bölgə üçün daha da təhlükəli xarakter almağa başlayıb.
Ən çox münaqişə ocaqlarının Yaxın Şərqdə olmasının səbəbini izah edin.
Keçmiş SSRİ ərazisindəki münaqişələrin əsas səbəbi isə separatizm meyillərinin artması ilə bağlıdır. Bu münaqişələrə misal olaraq 1988-ci ildən başlayan Dağlıq Qarabağ, XX əsrin sonlarında başlayan Abxaziya və Cənubi Osetiya, Dnestryanı bölgə, Krım və Şərqi Ukraynadakı qarşıdurmaları göstərmək olar.