ABŞ və SSRİ rəhbərliyinin dəyişməsi ilə əlaqədar beynəlxalq münasibətlərdə gərginlik nisbətən “yumşaldı”. Koreyada Şimalla Cənub arasında baş vermiş müharibəyə son qoyuldu. Fransa Hind-Çində Kampuçiya və Laosun müstəqilliyini tanıdı.
Bütün bunlar beynəlxalq şəraitin mülayimləşdiyindən xəbər verirdi. Lakin bu mülayimləşmə uzun çəkmədi. 1962-ci ildə SSRİ raketlərinin Kubada yerləşdirilməsi Karib böhranına səbəb oldu. Bu, beynəlxalq münasibətlərdə gərginliyi yenidən artırdı.
Karib böhranının beynəlxalq münasibətlərdə gərginliyi yenidən artırmasının səbəbi nə idi?
Şimalı ilə cənubu arasında hərbi münaqişə gedən Vyetnama ABŞ-ın müdaxilə etməsi gərginliyi daha da artırdı. Lakin 1960-cı illərin sonundan beynəlxalq münasibətlərdə yenidən bu gərginlik zəifləməyə başladı. ABŞ-ın öz qoşunlarını Vyetnamdan çıxarması Cənubi Vyetnam rejiminin süqutuna yol açdı. Birləşmiş Vyetnam kommunistlərin nəzarətinə keçdi.
Münaqişə mənbələrindən biri də Kipr böhranı idi. 1974-cü ildə enozis (ilhaq) siyasəti yeridərək Kipr adasını Yunanıstana birləşdirmək istəyən yunan millətçilərinin arzusu Türkiyə ordusunun adaya desant çıxarması ilə boşa çıxdı.
“Kipr problemi”ni aydınlaşdırın.
ABŞ-la SSRİ arasında strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilələrin imzalanması beynəlxalq münasibətlərdə gərginliyi xeyli yumşaltdı. Yumşaltma prosesini 1975-ci ildə Helsinkidə (Finlandiya) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) yaradılması daha da möhkəmləndirdi.
İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlərin inkişafından ötrü müstəmləkə sisteminin dağılması nəticəsində “üçüncü dünya” dövlətlərinin meydana gəlməsinin müəyyən əhəmiyyəti vardı. Onlar bitərəf, bloklara qoşulmamaq siyasəti yeridirdilər. 1980-ci illərin ortalarında bloklara qoşulmamaq hərəkatı öz sıralarında yüzdən artıq dövləti birləşdirirdi.