25. Beynəlxalq münasibətlər. Dünya müasir dövrdə
Faşizmə qarşı birgə mübarizə aparan müttəfiq dövlətlər müharibədən sonra əməkdaşlığı davam etdirə bilmədi. Müharibədən iqtisadi və hərbi-siyasi cəhətdən çox güclü çıxmış ABŞ-ın dünya liderliyi iddiaları daha da artdı. SSRİ isə, öz növbəsində, nüfuz dairəsini genişləndirmək üçün sovet ordusu tərəfindən azad olunmuş ölkələrdə sosialist rejimi yaratdı. Dünyada sosializm cəbhəsi bərqərar oldu. Beləliklə, iki fövqəldövlət və iki ictimai sistem (kapitalizm və sosializm) qarşı-qarşıya durdu. Bir-birinə qarşı duran iki hərbi blok: NATO və Varşava Müqavilə Təşkilatı yarandı. Onlar arasında “soyuq müharibə” başladı.
“Soyuq müharibə”yə ilk çağırış Böyük Britaniyanın sabiq Baş Naziri U.Çörçillin 1946-cı ildə Fulton şəhərindəki çıxışı, ilk real addım isə 1947-ci ildə qəbul olunan “Trumen doktrinası” ilə atıldı. Bu plan Türkiyə və Yunanıstanda SSRİ-nin nüfuzunu zəiflətmək üçün irəli sürülmüşdü. Bu “doktrina” müharibədə zərər çəkmiş Avropa ölkələrinə iqtisadi köməyi nəzərdə tutan “Marşal planı” ilə tamamlandı. SSRİ də, öz növbəsində, Yuqoslaviya və Çin istisna olmaqla, sosialist ölkələrini birləşdirən Qarşılıqlı İqtisadi Yardım Şurasını (QİYŞ) yaratdı.
“Trumen doktrinası”, “Marşal planı”, Qarşılıqlı İqtisadi Yardım Şurasının dünya üçün əhəmiyyəti nə idi?
Avropada qütbləşmə Almaniyanın parçalanması ilə nəticələndi. 1949-cu ilin may ayında Qərb dövlətlərinin işğal zonasında AFR, oktyabrda sovet ordusunun işğal zonasında isə ADR-in yaradıldığı elan olundu.