“Mədəni inqilab” illərində təqiblərə məruz qalmış 100 milyondan çox adam bəraət aldı. Rəhbərliyə gələn Den Syaopin kommunizm quruculuğunda tələskənlik təcrübəsini rədd etdi, iqtisadi islahatlar keçirməyə başladı.
Den Syaopinin kommunizm quruculuğunda tələskənlik təcrübəsini rədd edib, iqtisadi islahatlar keçirməyə başlamasını təhlil edin. Nə üçün o bu addımı atdı?
1992-ci ildə sosializm quruculuğunun “Çin modeli”* konsepsiyası təsdiq edildi. Böyük Britaniyanın icarəyə götürdüyü Honqkonq 1997-ci ildə Çinə qaytarıldı. Hazırda Çin ən inkişaf etmiş ölkələr sırasında öz mövqeyini möhkəmləndirməkdə davam edir.
Yaponiya. Yaponiya ərazisi İkinci Dünya müharibəsi zamanı ABŞ qoşunları tərəfindən işğal edilmişdi. Bu vəziyyət 1952-ci ilə qədər davam etdi. Müttəfiqlərin qərarı ilə Yaponiyada militarizm** məhv edildi, demokratik qaydaların həyata keçirilməsinə başlanıldı. Siyasi partiyalar və həmkarlar ittifaqları yenidən azad fəaliyyətə başladı. 1947-ci ildə Yaponiyanın yeni konstitusiyası qəbul edildi. Konstitusiyaya görə, dövlət quruluşu konstitusiyalı monarxiya oldu. Dövlətlərarası mübahisələrdə hədə və silahlı qüvvə tətbiq edilməsindən əl çəkildi.
1889-cu ildə Yaponiyada qəbul edilmiş konstitusiya ilə 1947-ci il konstitusiyasını müqayisə edin.
“Soyuq müharibə” ABŞ-ın Yaponiyaya qarşı mövqeyini kəskin surətdə dəyişdirdi. Yaponiyanı SSRİ-yə qarşı mübarizə dayağına çevirmək xətti götürüldü. Buna görə də ABŞ-la əməkdaşlıq Yaponiyanın müharibədən sonrakı xarici siyasətinin əsasını təşkil etdi. 1951-ci ilin sentyabrında San-Fransisko konfransında ABŞ və Yaponiya arasında təhlükəsizlik müqaviləsi imzalandı. ABŞ Yaponiyada öz hərbi bazalarını saxlamaq hüququ qazandı.
Yaponiya dünya ölkələri ilə münasibətləri də normallaşdırmağa çalışdı. Birgə bəyannamənin imzalanması ilə SSRİ və Yaponiya arasında müharibə vəziyyətinə son qoyuldu və diplomatik əlaqələr bərpa olundu. SSRİ dağıldıqdan sonra Rusiya Federasiyası rəhbərliyi sərhəd-ərazi probleminin mövcud olduğunu etiraf etdi. Çinlə əlaqələrin qaydaya salınmasına diqqət artırıldı. Yaponiya ən çox inkişaf etmiş dövlətlərin sırasına daxil oldu.
Yaponiya dünyanın güc mərkəzlərindən birinə çevrildi. O öz iqtisadi gücünə görə yalnız ABŞ-la müqayisə edilə bilər. Lakin ABŞ-dan fərqli olaraq, Yaponiya özünün xammal və enerji bazasına malik deyildir, onları idxal edir.
* “Çin modeli” – iqtisadi rifaha nail olmaq üçün sərbəst iqtisadiyyata keçilməsi
** Militarizm – (latınca “hərbi”) yeni ərazilər işğal etmək üçün hərbi gücü artırmağa yönələn siyasət