24. Çin, Yaponiya və Koreya
İkinci Dünya müharibəsindən sonra Çində vətəndaş müharibəsi kommunistlərin qələbəsi ilə başa çatdı. Yaponiya isə müharibədən ağır vəziyyətdə çıxmışdı. Koreyanın şimalı sovet, cənubu isə ABŞ qoşunları tərəfindən zəbt olunmuşdu. Cenevrə müqaviləsinə əsasən, 38-ci paralel iki ölkənin sərhəd xətti kimi müəyyən edildi.
Çin. 1949-cu ilin oktyabrında Çin Xalq Respublikasının (ÇXR) yaradıldığı elan edildi. Çin Kommunist Partiyasının baş katibi Mao Tszedun ÇXR-in başçısı seçildi. Homindançı Çan Kayşi Tayvan adasına çəkilərək öz dövlətini yaratdı. Aqrar islahat nəticəsində mülkədar torpaq sahibliyi ləğv edildi. Mülkədarlardan alınmış torpaqlar kəndlilər arasında bərabər bölündü. Kənd təsərrüfatının kooperativləşdirilməsinə başlandı.
Mao Tszedun “böyük sıçrayış” xəttini irəli sürdü. “Böyük sıçrayış” 5-10 il ərzində ÇXR-i dünyada ən inkişaf etmiş ölkələrdən birinə çevirməli idi. Lakin bu siyasətin uğursuzluqla nəticələnməsi Mao Tszeduna qarşı tənqidlərin artmasına səbəb oldu. Mao Tszedun “mədəni inqilab” elan etdi. Bu inqilab, əslində, Mao əleyhinə olan və onunla razılaşmayan qüvvələri cəzalandırmaq məqsədi daşıyırdı. “Mədəni inqilab” zamanı 21 milyondan çox insan repressiyaya məruz qaldı.
Çin xarici siyasətdə SSRİ-nin mövqeyini müdafiə edirdi. Qərb ölkələri ÇXR-i dövlət kimi tanımırdı. BMT-də onun yerini homindançılar tuturdu.
“Mədəni inqilab”ın məqsədlərini şərh edin. Bu inqilabın baş verməsinin səbəbi nə idi?
“Mədəni inqilab” illərində SSRİ–Çin münasibətləri pisləşdi. Hətta SSRİ–Çin sərhədindəki Damanski adasında insan tələfatı ilə nəticələnən hərbi toqquşma baş verdi. Mao Tszedunun ölümündən sonra Çində yeniləşmə xətti başladı. Yeniləşmə prosesi demokratiya uğrunda mübarizəni meydana gətirdi.