Pakistan Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən sıx əlaqələr vardır. 1990-cı illərdə Pakistanda yerli mütəxəssislər nüvə silahı hazırlaya bildilər. Pakistanın nüvə silahları türk-islam dünyasının ən məşhur sərkərdələri olan Sultan Mahmud Qəznəvinin, Əmir Teymurun və Babur şahın adını daşıyır
İslam ölkələri içərisində Pakistanın özünəməxsus xüsusiyyətlərini müəyyənləşdirin.
Əfqanıstan. XX əsrin 50-ci illərində ABŞ və İngiltərənin ölkə iqtisadiyyatına fəal nüfuz etməsi Əfqanıstanda kapitalizmin inkişafını bir qədər sürətləndirdi. Ölkədə demokratiya uğrunda hərəkat canlandı. 1973-cü ildə hərbi çevriliş nəticəsində monarxiya devrildi, Əfqanıstan respublika elan olundu. Tezliklə SSRİ, Səudiyyə Ərəbistanı və İranla sıx əlaqələr quruldu.
Dünya xəritəsində Pakistan, Hindistan və Əfqanıstanın yerini müəyyən edin.
1978-ci ilin aprelində Kabildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn qüvvələr Əfqanıstan Demokratik Respublikasının yarandığını elan etdilər. Yeni hökumət sovet nümunəsində sosializm cəmiyyəti qurmaq məqsədilə bir sıra islahatlar keçirdi. Lakin hakim partiya daxilində ziddiyyətlərin kəskinləşməsi siyasi çevrilişə gətirib çıxardı. Bu, 1979-cu ildə SSRİ-nin Əfqanıstana ordu yeritməsinə səbəb oldu. Sovet qoşunlarının təcavüzü beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılandı.
Əfqanıstanda yeniliklərin çevriliş yolu ilə həyata keçirilməsinin səbəblərini izah edin.
Əfqanıstan müharibəsində sovet hökuməti uğur qazana bilmədi və 1989-cu ildə qoşunlarını Əfqanıstandan çıxarmağa məcbur oldu. Lakin sovet qoşunlarının Əfqanıstandan çıxarılması ölkədə siyasi vəziyyəti xeyli gərginləşdirdi. Ölkədə vətəndaş müharibəsi gücləndi.