Rusiya xeyli təzminat və güzəştli ticarət hüququ əldə etdi. Azərbaycan valisi, vəliəhd Abbas Mirzə bir sıra vilayətlərdə baş verən qiyamları yatıraraq həmin ərazilərdə Qacarların hakimiyyətini bərpa etdi. Lakin Abbas Mirzənin qəfil ölümü dövlətin möhkəmlənməsinə mane oldu. 1834-cü ildə Fətəli şahın ölümündən sonra taxta çıxan oğlu Məhəmməd şah on dörd illik hakimiyyəti dövründə gah Rusiyaya, gah da İngiltərəyə meyil edirdi. Bu dövrdə İngiltərə Qacarlardan öz tacirləri üçün imtiyazlar əldə etdi. Bu zaman yaranmış vəziyyətdən istifadə edən Osmanlı ordusu Xuzistan vilayətinə daxil oldu. 1847-ci ildə Rusiya və İngiltərənin vasitəçiliyi ilə Qacarlarla Osmanlı dövləti arasında Ərzurum sülhü bağlandı. Sülhün şərtlərinə görə, Xürrəmabad şəhəri Qacarlara qaytarıldı, Süleymaniyyə şəhəri isə Osmanlı dövlətinə verildi.
Məhəmməd şahın ikili siyasətini necə qiymətləndirirsiniz? Onu bu cür siyasi manevr etməyə nə vadar edirdi?
XIX əsrin ortalarında ölkədə Seyid Əli Məhəmmədin başçılığı altında Babilər hərəkatı baş verdi. Seyid Əli Məhəmməd özünü “Allahla bəndələri arasında qapı” (ərəb dilində “bab” qapı deməkdir) adlandırırdı.
Babilər hərəkatının üzvləri nəyə görə özlərini belə adlandırırdılar? Adın belə seçilməsinin səbəblərini izah edin.
1848-ci ildə hakimiyyətə gələn Nəsrəddin şah babilərə qarşı mübarizəni gücləndirdi. Seyid Əli Məhəmməd həbs olunaraq Təbrizdə edam edildi. Nəsrəddin şah Mirzə Tağı xanı sədrəzəm vəzifəsinə dəvət etdikdən sonra o, bir sıra islahatlar həyata keçirdi. Mirzə Tağı xanın təşəbbüsü ilə Cənubi Azərbaycanda teleqraf rabitəsi yaradıldı, ilk qəzet çap olundu və universitet açıldı. Manufakturalar təsis olundu. Mirzə Tağı xanın fəaliyyətindən narazı qalan din xadimləri onu gözdən salmağa başladılar. Buna görə o, vəzifəsindən uzaqlaşdırılaraq edam edildi.
Mirzə Tağı xanın gördüyü tədbirləri şərh edin. Onun təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər nə üçün din xadimlərinin narazılığına səbəb oldu? İzah edin.