Əhalisinin sayı bir milyardı keçən Hindistan bu göstərici ilə dünyada Çindən sonra ikinci yeri tutur. Ölkə əhalisinin bir hissəsi kasıb şəraitdə yaşadığı, 25 %-i yazıb-oxumağı bacarmadığı halda, “demoqrafik üstünlükdən” istifadə etməklə Hindistan dünyada ən qüdrətli dövlətlərdən biri olmaq uğrunda mübarizə aparır. Bütün çətinliklərə baxmayaraq, Hindistan yenə də Cənubi Asiyada aparıcı mövqeyini saxlayır. İqtisadiyyatın liberallaşdırılması, xarici kapitalın geniş cəlb olunması, özəlləşdirmə onun inkişafında başlıca meyillərdir.
Hindistanın öz mövqeyini saxlaya bilməsinin səbəblərini müəyyənləşdirib təhlil edin.
Pakistan. 1947-ci ilin avqustunda yaradılmış Pakistan konstitusiyaya əsasən respublika elan edildi. Dövlətin qurucusu Məhəmmədəli Cinnə ölkədə torpaq və vergi islahatları həyata keçirdi. Hərbçilər tərəfindən idarə olunan Pakistan 1962-ci ilin martında prezidentli respublika oldu. 1970-ci ildə ölkədə ilk dəfə parlament seçkiləri keçirildi. Seçkilərdə qələbə qazanan Pakistan Xalq Partiyasının lideri Zülfüqar Bhutto mülki hökumət təşkil etdi. Hindistanla həmsərhəd olan Şərqi Pakistanda Hindistan ordusunun müdaxiləsi ilə 1971-ci ildə müstəqil Banqladeş dövləti yaradıldıqda Pakistan da onu müstəqil dövlət kimi tanıdı. Hakimiyyətdən sui-istifadə etməkdə günahlandırılan Z.Bhutto hərbi çevriliş nəticəsində devrildikdən sonra ölkə İslam Respublikası elan edildi.
Ölkənin İslam Respublikası elan edilməsinin əhəmiyyəti nə idi?
Yeni hökumət cəmiyyətin sosial-iqtisadi həyatını islamlaşdırmağa başladı. Lakin bu iş yarımçıq qaldı. Parlament seçkilərində qələbə qazanan Pakistan Xalq Partiyasının lideri, Z.Bhuttonun qızı Bənazir Bhutto Baş Nazir vəzifəsini tutdu. Yeni hökumət ölkə həyatını demokratikləşdirməyə, əhalinin vəziyyətini yaxşılaşdırmağa dair tədbirlər planı irəli sürdü. Lakin müxalifətdə olan İslam Demokratik Alyansı Partiyası onun apardığı siyasətə qarşı çıxdı və istefasını irəli sürdü. Ölkədə iğtişaşlar başladı. Bənazir Bhutto istefaya göndərildi.
Növbəti hərbi çevriliş nəticəsində general Pərviz Müşərrəf hakimiyyətə gəldi. O, 2001-ci ildə prezident seçkilərində qalib oldu. Lakin 2009-cu ildə keçirilən prezident seçkilərində Pakistan Xalq Partiyasının lideri Asif Əli Zərdari prezident seçildi. Pakistan İslam Respublikası Cənubi Asiyanın qüdrətli dövlətlərindən birinə çevrildi.