1950-ci ildə Hindistan respublika elan edildi. Konstitusiyaya görə, Hindistanın dövlət quruluşu federativ respublika, idarə forması isə parlamentli respublikadır.
Hindistanın dövlət quruluşu ilə Azərbaycanın dövlət quruluşunu müqayisə edin.
Hindistanın daxili və xarici siyasətinin əsas prinsipləri C.Nehru tərəfindən hazırlanmışdır. “Nehru xətti”nin mahiyyətini hərbi bloklara qoşulmamaq, sülh və əməkdaşlığın müdafiəsi, milli iqtisadiyyatın planlı inkişafı təşkil edirdi.
1961-ci ildə Hindistan yarımadasında yerləşən və Portuqaliyanın işğalı altında olan ərazilər Hindistan Respublikasına qaytarıldı.
Hindistan Respublikası çoxmillətli, dini mənsubiyyətinə görə rəngarəng, kənd əhalisinin üstünlük təşkil etdiyi ölkədir. Buna görə də respublikada tez-tez milli və dini zəmində münaqişələr baş verirdi. Pəncabda yaşayan siqx icması müstəqil Siqx dövləti yaratmaq uğrunda mübarizədə mərkəzi hökumətə təzyiq vasitəsi kimi terrordan istifadə edirdi. Baş nazirlər İndira Qandi və Raciv Qandi məhz terrorun qurbanı oldular.