Lakin ABŞ və İsrail konfransın işini pozdu. ABŞ-ın köməyi ilə 1978-ci ilin sentyabrında Kemp-Deviddə Misirlə İsrail arasında separat saziş imzalandı. Bununla ərəb ölkələrinin birliyi sarsıldı. Lakin Misir və İsrail sazişinin bağlanması iki dövlət arasında müharibə vəziyyətinə son qoydu. İsrailin Qüds şəhərini özünün “vahid və bölünməz paytaxt”ı elan etməsi siyasi vəziyyəti daha da kəskinləşdirdi.
Altıgünlük müharibə
“1967-ci il iyunun 5-də …Aralıq dənizinin üzərindən uçaraq düşmən radarlarına
görünməmək üçün alçaqdan şığıyan İsrailin bombardmançı təyyarələri sübh çağı Misir
hərbi qüvvələrini darmadağın etdi. Sonra isə quru qoşunlarını dəstəkləmək üçün
yenidən hücuma keçdi. İsrailin zirehli texnikası misirlilərə qarşı Qəzza zolağını bağladı;
Sinaya keçən qüvvələr … qarşılarına çıxan hər şeyi məhv edərək irəlilədilər.
Misirlilər həmişəki kimi cəsarətlə savaşsalar da, İsrail hərbi qüvvələrinin sürəti ilə
ayaqlaşa bilmədilər və çox keçmədən məğlub oldular. …İsraillilər dörd gün ərzində
bütün Sinay yarımadasını ələ keçirərək Süveyş kanalına çatdılar. İordaniya İsrailin
Misirə hücumundan az sonra müharibəyə qoşuldu… İordaniyalılar kiçik birliklər halında
yaxşı döyüşsələr də, İsrail ordusu ilə müqayisədə zəif idilər. İyunun 7-nə kimi
israillilər İordan çayının qərb sahilini nəzarət altına aldılar.
İsrail Misirlə İordaniyanı məğlub etdikdən sonra Suriyaya hücuma keçdi. O zamanadək
Suriya öz hərbi fəaliyyətini Colan təpələrinin ətəyində yerləşən İsrail məntəqələrini
bombalamaqla məhdudlaşdırmışdı. İsrail hərbi birləşmələri yenidən səfərbər
olaraq 9 iyunda təpələrə hücuma keçdi və üç gün davam edən şiddətli döyüşlərdən
sonra Colan ilə ətrafındakı bölgəni ələ keçirdi. Suriya ordusunun Dəməşqə doğru geri
çəkilməsi ilə “Altıgünlük müharibə” sona çatdı.”
Cambridge Savaş Tarihi, s. 424–425.
İsrailin Qüds şəhərini özünün “vahid və bölünməz paytaxt”ı elan etməsi nə üçün siyasi vəziyyəti daha da kəskinləşdirdi?
XX əsrin 90-cı illərinin əvvəllərində Fələstin–İsrail münasibətlərini nizamlamaq üçün əlverişli şərait yarandı.
1994-cü ilin mayında İsraillə Fələstin arasında “Qəzza–Əriha” adlanan saziş imzalandı. Sazişə görə, işğal edilmiş Qəzza zolağı və Əriha şəhərində Fələstin muxtariyyəti yaradıldı. Lakin İsrail 1997-ci ildə Qüdsün ərəblər yaşayan hissəsində yəhudi məskənləri salmağa başlamaqla Yaxın Şərqdə sülh prosesini yenidən təhlükə altında qoydu.
İsrailin Qüdsün ərəblər yaşayan hissəsində yəhudi məskənləri salmağa başlaması Yaxın Şərqdə nə üçün sülh prosesini təhlükə altında qoydu? Münasibət bildirin.